Taksidə kondisioner üçün əlavə pul ödəməliyik?
Sosial şəbəkələrdə taksi sürücüsü ilə sərnişinin mübahisəsinə dair yayılan görüntülər müzakirələrə səbəb olub. Sərnişin taksi sürücüsündən kondisioneri qoşmasını istəyir.
Sürücü isə kondisionerli avtomobillə getmək istəyən sərnişinə komfort və ya biznes sinif sifariş verməyi tövsiyə edir.
Bəs sərnişinlər taksi sifariş edərkən təqdim olunan xidmətlərə ayrıca diqqət etməlidirlərmi? Ekonom sinifdə sifariş edilən avtomobildə kondisionerin qoşulmamasının hər hansı qanuni əsası varmı?
Baku TV paytaxt sakinlərinin məsələyə münasibətini öyrənib. Bəzi vətəndaşlar kondisionerin avtomobilin sinfindən asılı olmayaraq işlək vəziyyətdə saxlanılmalı olduğunu düşünür. Digərləri isə ekonom və komfort tarifləri arasında fərq olduğunu bildirirlər.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən, sərnişin daşınmasında istifadə olunan nəqliyyat vasitələri soyutma və isitmə sistemi ilə təchiz edilməlidir. Bu sistemlər yalnız avtomobildə mövcud olmamalı, həm də işlək vəziyyətdə saxlanılmalıdır. Bu tələb taksilərdə avtomobilin hansı sinfə aid olmasından asılı deyil.
Kondisioner mövcuddursa, yay mövsümündə işlək vəziyyətdə olmalıdır. Sürücünün kondisioneri qoşmaq üçün sərnişindən əlavə ödəniş tələb etməsi isə qanunsuzdur.
"Belə hal baş verdikdə sərnişin taksi sifarişi operatoruna, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər", - deyə ekspert əlavə edib.
Baku TV məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bir neçə taksi sifarişi operatoruna da sorğu ünvanlayıb. Bildirilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələri salonun soyudulması və isidilməsi funksiyalarına malik tam havalandırma sistemi ilə təchiz edilməlidir. Bununla yanaşı, salondakı temperatur hava şəraiti və səfər zamanı komfortlu şərait nəzərə alınmaqla tənzimlənir.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqladığı tələblərə əsasən, taksi minik avtomobillərinin salonu sərinləşdirən və isidən tam hava tənzimləyicisi ilə təchiz olunmalıdır. Qanunvericilikdə isə taksilərin "ekonom", "komfort" və digər siniflərə bölünməsi nəzərdə tutulmur. Bu səbəbdən "ekonom sifariş vermisiniz, ona görə kondisioner qoşulmur" arqumentinin qanuni əsası yoxdur.
Oxşar xəbərlər
Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB
"Bakı Metropoliteni"nin gələcək inkişafı ilə bağlı maraq doğuran məsələlərdən biri də yeni stansiyaların quruluşu və sərnişinlər üçün keçid imkanlarıdır. BAKU....