Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz"
Bir neçə gün əvvəl Şuşada qaya və daşların üzərinə boya ilə müxtəlif yazıların yazılması cəmiyyətdə birmənalı qarşılanmayıb.
BAKU.WS xəbər verir ki, sözügedən hərəkət cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı, Vətən müharibəsində Şuşa uğrunda döyüşən hərbçilər tərəfindən də qınanılıb.
Vətən müharibəsində göstərdiyi şücaətlə seçilən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) mənsubu Famil Fərəcov Oxu.Az-a açıqlamasında Şuşada bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib.
O vurğulayıb ki, Şuşa Azərbaycan xalqı üçün adi bir məkan deyil, xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan müqəddəs bir yerdir:
"Şuşa bizim üçün müqəddəs ziyarətgah kimi yerdir. Yəni əvvəlki Şuşa deyil. Ona görə orada hər qarışın qədrini, qiymətini bilmək lazımdır. Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz.
Düşünmək lazımdır ki, orada hər daşın üstündə, kim bilir, bəlkə də, onların yazdığı yazının altında bizim şəhidlərin qanı var. Onların adını ayaqlar altına yazmaq düzgün yanaşma deyil.
O boyanı əlinə alan adamlar bunu məntiqi cəhətdən başa düşməli, dərk etməlidirlər ki, bu cür hərəkətlər yolverilməzdir. Çünki bu hərəkət hər hansı bir şəhid valideyninə mənfi təsir edir.
Təsəvvür edin, onun övladının qanı olan yerdə kiminsə əlinə boya alıb daşları boyamağı heç bir halda düzgün deyil".
Famil Fərəcov onu da qeyd edib ki, Şuşanın tarixi və mənəvi əhəmiyyətini nəzərə alaraq, burada təbiətə, tarixi irsə və şəhidlərin xatirəsinə xüsusi həssaslıqla yanaşılmalıdır:
"Şuşa uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin qanı ilə azad edilən bu torpaqların hər qarışının qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması hər birimizin üzərinə düşən mühüm məsuliyyətlərdən biridir".
Xatırladaq ki, bir neçə gün öncə Şuşa şəhərinə gələn bəzi turistlər tarixi əhəmiyyət daşıyan qayaların üzərinə boya ilə yazılar yazıblar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları xüsusi vasitələrlə həmin yazıları siliblər.
Tarixi qayalara yazı yazan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub və barələrində hüquqi məsuliyyət tədbirləri görülüb.
Oxşar xəbərlər
Bəzi rayonlara dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fas...