Sürücülərin nəzərinə: Bakının bu yolları təmirə bağlanır
Aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən şənbə və bazar günləri də daxil paytaxtın prospekt və küçələrində hərəkət qismən məhdudlaşdırılacaq.
BAKU.WS-in məlumatına görə, Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissədə bu gün günorta saatlarından etibarən dəmir yolu relslərin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək.
Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Bu hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq.
Təmir işlərinin aparıldığı daha bir küçə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsidir. Burda da küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu üzdən hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələrdə aparılan təmir işləri nəzərə alınaraq, həmçinin avtonəqliyyat sıxlığının yaranmaması üçün imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.
Qeyd edək ki, hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır. Təmir işləri hissə-hissə aparılır və buna müvafiq olaraq hərəkət zolaqlarından biri və ya bir-neçəsi bağlı olur, hərəkət digər zolaqlar üzrə təmin olunur.
BAKU.WS
Oxşar xəbərlər
Bakının məşhur başıbəlalı küçəsi təmir olunub - FOTO
Bakının Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılaraq yekunlaşdırılıb. Təmir işləri yolun Əhməd Rəcəbli və Şövkət Məmmədova...