Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək

Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək
Sosial 85

Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında "Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılacaq.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" bu il dekabrın 10-da Bakıda "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Asian Mining Holding FZ" LLC və "AzerGold"un Ortaq Şirkəti arasında imzalanıb.

Bu qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra sazişin və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu müddət ərzində sazişin pay iştirakçılarına kontrakt sahəsində İşlər aparmaq üçün müstəsna hüquq veriləcək.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün sazişin İştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar veriləcək.

Sazişə və ya əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız sazişin və əlavələrin tərəflərinin yazılı razılığı ilə ediləcək.

Son xəbərlər