Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı VACİB AÇIQLAMA - Bütün valideynlər oxusun

Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı VACİB AÇIQLAMA - Bütün valideynlər oxusun
Sosial 3

Son günlər uşaqlar arasında xəstəliklər artıb. Poliklinikalara və uşaq xəstəxanalarına müraciət edən xəstələrin sayının artması müşahidə olunur.

Əksər xəstələrdə isə yüksək hərarət uzun müddət davam edir. Bu hal əsaslı olaraq cəmiyyətdə müəyyən mənada narahatlığa səbəb olub.

Bəs uşaqları ağuşuna alan bu xəstəlik nədir və nədən yaranır? Xəstəliyin müalicəsi necə aparılmalıdır? Bu və digər suallara cavab tapmaq üçün tanınmış pediatr, uzman doktor Azər Əhmədovla əlaqə saxladıq.

Uzman doktor BAKU.WS-ə açıqlamasında bildirdi ki, son zamanlar uşaqlar arasında yayılan və yüksək hərarətlə müşahidə olunan xəstəliyin adı kəskin respirator xəstəlikdir.

“Bunlar daha çox yuxarı tənəffüz yollarının infeksionu şəklində özünü göstərir. Səbəbləri virus və bakteriya olmaqla iki qrupa bölünür.

Bu mövsümdə gördüyümüz əsas infeksiyaların səbəbi viruslardır. Sezonun əvvəlində ən çox “Rinovirus”larla müşahidə olunan kəskin respirator xəstəlik görürdük. Sonra onun yerini “Adenovirus”, daha sonrasında “İnfluenza” aldı. Son zamanlar isə gördüyümüz “İnfluenza” virusu ilə bağlı kəskin respirator xəstəlikdir.

Bununla yanaşı, çox az miqdarda COVID infeksiyası da görünməkdədir. Eyni zamanda, bu il bildiyiniz kimi qızılca infeksiyası da çox yayıldı.

Qızılca infeksiyası da özünü kəskin respirator xəstəlik kimi göstərir. Qızılca başda kəskin respirator xəstəlik kimi başlayır. Yüksək qızdırma, boğaz ağrısı, gözlərdə qızarıqlıq, ağız içərisində qızarıqlıq şəklində özünü göstərir.

Bəzən xəstələrdə qarınağrısı, ürəkbulanma, qusma şikayətləri olur. Bir neçə gün sonra isə səpkilərin ortaya çıxması müşahidə olunur”.

Uşaqlarda yüksək qızdırma olması valideynlərin ən qorxduğu məqamdır. Uzman həkim deyir ki, bu zaman valideynlər son dərəcədə diqqətli olmalıdırlar:

“Qızdırma zamanı ilk öncə fiziki üsullardan istifadə edərək hərarətin salınmasına çalışmaq lazımdır. Belə ki, yüksək hərarət olan uşaqları qalın geyindirməyin.

Xəstənin üzərində nazik geyimlər qalsın. Ondan sonra, sadəcə ilıq su ilə qoltuqaltı, qasıq, boyun bölgəsinə kompreslər qoymaq lazımdır.

Çox insanın düşündüyü kimi sirkə və spirtlər kompres etmək məsləhət deyil. Əgər hərarəti bu şəkildə düşürə bilmiriksə, dərmanlardan istifadə edilməlidir. Uşaqlar üçün ən zərərsiz hesab olunan “Parastamol” dərmanıdır.

Uşağın yaşına və çəkisinə uyğun olaraq “Parastamol” dərmanı verilməlidir. Bundan sonra mütləq həkimə müraciət edilməlidir.

Xüsusilə 6 ayın altındakı uşaqlarda yüksək hərarətin səbəbi araşdırılmalıdır. Bəzən azyaşlıların evdə müalicəsi çox pis nəticələrə gətirib çıxara bilir. Çünki 6 aya qədər olan uşaqlarda bir çox peyvəndlər vurulmadığı üçün təhlükəli xəstəliklərdən biri olduğu zaman xəstə sürətli şəkildə pisləşə bilir.

Hərarətin 1 həftə, 10 gündən artıq davam etməsinə rast gəlirik. İndi infeksiyaların sayı artığına görə, biri sağalır, digəri başlayır. Bu səbəbdən də, hərarət uzun müddət davam edə bilir”.

Uşaqlara hansı dərmanlar verilməlidir?

Bəzən valideynlər övladları xəstələnən zaman hansı dərmandan istifadə edilməsi barədə düşünürlər. Bu zaman bəziləri hansısa tibbi biliyi olmayan şəxslərin məsləhət bildiyi dərmandan istifadə edirlər. Azər Əhmədov bunun qəti şəkildə təhlükəli olduğunu bildirir:

“Uşaqlara dərman verilməsi mütləq və mütləq həkim təyinatı ilə olmalıdır. Xüsusilə virus infeksiyalarında gərəksiz antibiotiklərin verilməsinin zərərindən başqa heç bir faydası yoxdur.

Daha çox immun sistemini zəiflədər və digər infeksiyalara qarşı dirənişi azaldar. Ona görə də, həkim təyinatı olmadan antibiotik və digər lüzumsuz dərmanların istifadəsinə ehtiyac yoxdur.

Vitaminlərə gəlincə, vitaminlər immun sistemini gücləndirməz. Sadəcə payız və qış aylarında bütün uşaqlara D vitamini istifadə etməyi məsləhət görürük.

Qidalarına diqqət etməyi məsləhət görürük. Təbii qidalarla qidalanma, bol miqdarda meyvə-tərəvəz istifadə edilməlidir. Bol miqdarda maye qəbul edilməlidir. Bu xəstəliyin sağalmasına kömək edir”.

Son xəbərlər