SOCAR-dan qazın qiyməti ilə bağlı AÇIQLAMA

SOCAR-dan qazın qiyməti ilə bağlı AÇIQLAMA
Sosial 2686

SOCAR prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin bir kubmetri üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı müraciət edildiyi, buna baxmayaraq Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlara qurum tərəfindən münasibət bildirilib.

SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, R. Abdullayev tərəfindən bu və buna oxşar heç bir müsahibə və ya bəyanat verilməyib: "Bildiririk ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsi SOCAR tərəfindən istehsal olunur, digər hissəsi isə Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır. 

Son illər istehsal xərclərinin artması və manatın məzənnəsindəki dəyişmələr nəticəsində təbii qazın maya dəyəri onun ölkə daxilində tənzimlənən qiymətlərindən yüksək olmuşdur ki, SOCAR tərəfindən bu haqda ictimaiyyətə məlumat verilib. Belə bir şəraitdə təbii qaz təchizatında dayanıqlığı və keyfiyyətli xidmətin davamlılığını təmin etmək mümkün deyil. 

Qeyd olunanlar nəzərə alınaraq, perspektiv inkişafın təmin olunması məqsədilə SOCAR tərəfindən təbii qaz tarifinin əhali üzrə diferensiasiya olmadan və "Azərenerji” ASC də daxil olmaqla bütün istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpik müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına müraciət edilib. Tarif Şurası tərəfindən əhalinin böyük hissəsinin qiymət artımından qorunması və elektrik enerjisi üzrə kəskin qiymət artımının qarşısının alınması məqsədilə diferensial tariflərin tətbiqinə qərar verilib.  

Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik, elektrik enerjisi sərfiyyatı aylıq 250 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər