İşsizliyə görə müavinəti kimlər və necə ala bilər?
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,8 saat təşkil edib. 2017-ci il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 35,6 min nəfər olub. Onların 37,5 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 269,7 manat olub.
BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, işi və qazancı olmayan, işə başlamağa hazır olub, Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərə işsiz statusu verilir.
Hara müraciət etməli?
İşsizlik müavinəti almaq üçün vətəndaş yaşadığı ərazi üzrə Məşğulluq İdarəsinə müraciət etməlidir. Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Şəxsiyyəti təsdiq edən sənəd
- Əmək kitabçası
- Peşə və ya ixtisasını təsdiq edən sənəd
Həmin sənədləri şəxsən təqdim etdikdən sonra vətəndaş işaxtaran kimi qeydiyyata alınır.
İşaxtaran kimi qeydiyyata alınan vətəndaş sadalanan sənədləri təqdim etdiyi andan ona münasib iş təklif olunmadığı halda, Baş Məşğulluq İdarəsi və onun yerli orqanaları 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.
Vətəndaş qeyd edilən sənədlərdən əlavə aşağıdakı sənədləri də təqdim etməlidir:
- Pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış;
- Yaşayış yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;
- Yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;
- Himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
Qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayışı da təqdim etməlidir. Qanunvericiliyə görə işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.
Məlumat üçün bildirək ki, işsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin 50 faizindən çox olmamaq şərti ilə artırılır.
Kimlər müavinat ala bilməz?
Əmək müqaviləsi müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər, qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər işsiz sayılmır. Həmçinin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar, ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ölkə hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan ölkə vətəndaşları işsizlik müavinəti ala bilməz.
Hüquqşunas Sahib Məmmədov işsizlər üçün ayrılan məbləğin 4-5 milyon olduğunu bildirdi. Onun sözlərinə görə, bu rəqəm çox azdır. Hüquqşunas Avropa ölkələrində işsizlik müavinətlərinin dəfələrlə çox olduğunu bildirdi.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bu işçilərin maaşı artıb
2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq...