Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı

Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Foto
Sosial 105

28 noyabr – 1 dekabr tarixləri AMAKA Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun tanınmış alimlərindən biri, kimya elmləri namizədi Sima Vahab qızı Useynovanın anım günləri keçirilir.

BAKU.WS-in məlumatına görə, onun vəfatından 23 il ötsə də, həmkarları, qohumları, yaxınları və elmi ictimaiyyət böyük alim və nurlu bir insan kimi Sima xanımın xatirəsini sevgi və ehtiramla yad edir.

Sima Useynova 29 noyabr 1935-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmiş, 1959-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirərək elmi fəaliyyətə qədəm qoymuşdu. Elmi uğurları, yüksək intellekti və çalışqanlığı sayəsində qısa zamanda seçilən gənc mütəxəssislərdən biri olmuş, aspiranturanı bitirdikdən sonra Neft-Kimya Prosesləri İnstitutunda mühüm tədqiqatlara imza atmışdı. 1972-ci ildə dissertasiyasını uğurla müdafiə edən Sima xanım sonrakı illərdə bir sıra mühüm elmi layihələrin rəhbəri, müəlliflik şəhadətnamələrinin müəllifi kimi tanındı.

1976-cı ildə yenicə yaradılmış "Kaspiy" Elmi Mərkəzinə – indiki AMAKA-ya dəvət olunan Useynova burada kosmosdan Yer səthinin tədqiqi üzrə aparılan işlərdə xüsusi fəallığı ilə seçilmiş, kiçik elmi işçidən kimya laboratoriyasının rəhbərinə qədər yüksələrək peşəkar nüfuz qazanmışdı. Kosmik Yerşünaslıqla bağlı metodiki məsələlərin həllində onun rolu, elmi erudisiyası və dərin peşəkarlığı həm Azərbaycanda, həm də keçmiş İttifaq elmi ictimaiyyətində yüksək qiymətləndirilirdi.

Elmi nailiyyətlərinə görə Sima xanım Mendeleyev adına Kimyaçılar və Torpaqşünaslar Cəmiyyətinə üzv seçilmiş, Ekologiya İnstitutunda laboratoriyanın ayaqda qalması üçün xüsusilə çətin 90-cı illərdə böyük fədakarlıq göstərmişdi.

Onun həyat yolu yalnız elmlə məhdudlaşmırdı. Sima xanım nümunəvi ana, mərhəmətli nənə, qayğıkeş həyat yoldaşı idi. Polkovnik İsmayıl Useynovla qurduğu ailə elmi fəaliyyətində ona güc verən dayaq olmuşdu. Həyat yoldaşı İsmayıl Useynov 24.12.2011-ci ildə vəfat edib.

Qızları Lalə və Sevinc xanımlar, eləcə də yaxınları onun müəllimlik, elmə bağlılıq, halal əməyə sədaqət kimi dəyərlərini bu gün də yaşadırlar.

Akademik Budaq Budaqov, xalq artisti Nəsibə Zeynalova və digər tanınmış simalarla birgə çəkilmiş şəkillər bir alim ömrünün nə qədər zəngin və mənalı olduğunu bir daha göstərir.

Ekologiya İnstitutunun kollektivi və elmi ictimaiyyət Sima Useynovanı sadəcə alim kimi deyil, həm də yüksək mədəniyyətə, intellektə, insanlığa sahib bir ziyalı kimi xatırlayır. Onun instituta, elmi laboratoriyaya, əməkdaşlarına verdiyi dəyər bu gün də minnətdarlıqla anılır.

Sima Vahab qızı Useynovanın işıqlı xatirəsi Azərbaycan elmi üçün örnək olaraq daim yaşayacaq.

Son xəbərlər