Şəhid Ülvi Rəfiyevin anım günü qeyd olundu - FOTO

Şəhid Ülvi Rəfiyevin anım günü qeyd olundu - FOTO
Foto
Sosial 100

Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Suraxanı rayonundakı Dədə Qorqud şəhidliyində Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək qəhrəmancasına həlak olmuş Ülvi Rəfail oğlu Rəfiyevin şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə bağlı onun məzarını ziyarət etdilər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım mərasimində iştirak edən şəhidin babası Qadir Rəfiyev bildirib ki, Vətən, torpaq, xalq yolunda şəhid olmaq böyük şərəfdir: “Ülvi kimi igid oğullarımızın sayəsində Vətən torpaqlarımız yağı düşməndən təmizləndi və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Ülvi kimi qəhrəmanlar gənc nəslə örnəkdir. Nəvəmlə fəxr edirəm".

Daha sonra Vətən müharibəsi şəhidi Ülvi Rəfiyevin ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.

Anım mərasimi şəhid Ülvi Rəfiyevin xatirəsinə Xətai rayonunun Ə.Şıxlinski 47 ünvanında – yaşadığı binanın həyətində ucaldılan abidə kompleksinin qarşısında davam etdirilib. Şəhidin abidə kompleksinin qarşısına əklil qoyulub, tər gül-çiçək dəstələri düzülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsi şəhidi Ülvi Rəfiyev “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər