Səhiyyəsi güclü olan ölkələr koronavirusa müqavimət göstərə bilmədi - Azərbaycandan örnək nəticə

Səhiyyəsi güclü olan ölkələr koronavirusa müqavimət göstərə bilmədi - Azərbaycandan örnək nəticə
Sosial 1110

Dünyamız 6 aydır, koronavirus adlı qlobal bəla ilə mübarizə aparır.

BAKU.WS xəbər verir ki, bu virusa bu günə qədər 9 milyon 222 min 249 nəfər yoluxub.

Onlardan 475 min 25-i ölüb, 4 milyon 965 min 221 nəfər isə sağalıb.

İlk dəfə 26 fevralda ölkəmizdə aşkarlanan koronavirusa bu günə qədər ümumilikdə 13 207 nəfərin yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 168 nəfər reanimasiyadadır, 35 nəfər isə süni tənəffüs aparatına qoşulub. Ölkə ərazisində indiyə qədər 426 394 test aparılıb.

Azərbaycan yoluxma sayında dünya üzrə 58-ci yerdədir. Əhalinin sayına görə yoluxma sayı cəmi 0,13 faiz təşkil edir. Yoluxanların sayına görə ölüm faizi isə 1,21 faizdir. Bu rəqəmlər isə səhiyyəsi inkişaf etmiş və əhalisi Azərbaycanın da əhalisindən az olan bir çox ölkədən daha azdır.

Misal olaraq, İsrail (20 min+), Belçika (60 min+), Portuqaliya (38 min+), İsveç (56 min+), Belarus (56 min+) kimi əhalisinin sayına görə Azərbaycana yaxın olan, səhiyyə sisteminin yüksək səviyyədə olduğu dövlətlərdə yoluxma göstəriciləri ölkəmizlə müqayisədə dəfələrlə çoxdur.

Bu da onu deməyə əsas verir ki, Azərbaycan koronavirusun yayılmağa başladığı vaxtda qabaqlayıcı tədbirləri vaxtında gördü və kütləvi yoluxmanın qarşısını ala bildi. Yoluxma tendensiyasında azalma müşahidə edildiyi üçün hökumət sərt karantin tədbirlərini mərhələli şəkildə yumşaltdı ki, əhali yavaş-yavaş normal həyat səviyyəsinə qayıda bilsin.

Bir çox insan Operativ Qərargah tərəfindən verilən göstərişlərə əməl etsə də, bəziləri buna məhəl qoymadı. Məhz bunun nəticəsində yoluxma tendensiyası son iki ayda artdı. Nəticə etibarilə Azərbaycanın bir sıra şəhər və rayonlarında yenidən sərt karantin tədbirlərinin tətbiqinə başlanıldı.

Buradan aydın olur ki, hökumət tərəfindən atılan addımlar virusun yoluxma tendensiyasının azaldılmasında və xəstələrin daha tez müalicəsində effektiv rol oynayıb. İndi cəmiyyət olaraq sosial məsuliyyətə riayət etmək zamanıdır ki, yenidən yoluxma azalsın və normal həyata qayıda bilək. Bu dəfə isə daha ehtiyatla.

Koronirusa qalib gəlmiş İndoneziya, Cənubi Koreya, Avstraliya kimi ölkələrdə əhali karantin göstərişlərinə riayət edərək bu nəticəyə nail oldu.

Almaniya, İsveçrə, İrlandiya, Avstriya kimi ölkələrdə karantin tədbirləri sərt olmasa da, əhali nizam-intizama riayət etməsi virusun yoluxma tempinin nəzarət altında saxlanılmasına dəstək oldu. Artıq həmin ölkələrdə bir çox kütləvi tədbirlərə də icazə verilib. İnsanlar isə sosial məsafə qaydalarına, şəxsi gigiyenaya diqqət edərək yoluxmanın qarşısını alırlar.

Nəticə etibarilə qeyd etmək lazımdır ki, ölkənin səhiyyəsi nə qədər güclü olursa olsun, lazımi tədbirlər vaxtında görülməsə və əhali məsuliyyətli davranmasa, səhiyyənin edə biləcəyi çox şey qalmır. Azərbaycanda isə bu gün xaos vəziyyətinin yaranmaması vaxtında atılan addımlar və əhalinin duyarlı davranması sayəsində mümkün oldu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər