Rəqəmsal transformasiya şəraitində telekommunikasiya sektorunun inkişaf istiqamətləri

Rəqəmsal transformasiya şəraitində telekommunikasiya sektorunun inkişaf istiqamətləri
Sosial 1313
BAKU.WS “AzerTelecom” MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyevin məqaləsini təqdim edir:Dünya telekommunikasiya sahəsində dinamik inkişaf gedir. Bu sahənin oyunçuları olan şirkətlər və nizamlayıcı funksiya həyata keçirən müxtəlif dövlət qurumları inkişafın sərhədlərinin daha da genişlənməsi, bazarın iştirakçıları ilə müştərilər arasında daha uzunmüddətli və etibarlı münasibətlərin formalaşmasına can atırlar. Eyni zamanda dövlətlər də yeni texnologiyanın tətbiqinə daha çox diqqət ayırırlar.Hazırda qlobal olaraq telekommunikasiya sferasının inkişafında mobil texnologiyanın bütün sərhədləri aşması, LTE texnologiyasının əhatə dairəsinin genişlənməsi, xidmətlərin virtuallaşması, bulud texnologiyaları, Big Data və analitikanın inkişafı, IoT (Əşyaların İnterneti) və M2M (Maşınlararası əlaqə) konsepsiyaları və indiki şəraitdə çox önəmli olan kiber təhlükəsizliklə bağlı məsələlər önə çıxır. Telekom sahəsi ictimai həyatda artıq bütün mümkün sahələrə nüfuz edir, ağıllı texnologiyalar insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilir. Bütün bu yeniliklər informasiya və kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli artıma gətirib çıxardır. Həmçinin burada ən müxtəlif biznes modelləri də təqdim olunur.Yeni inkişaf trendləri rəqəmsal transformasiyaya gətirib çıxardırDünya təcrübəsi göstərir ki, indiki şəraitdə gedən dinamik inkişaf fonunda telekom şirkətlərinin gəlirləri əsasən FBB (Fixed Broadband Business – Sabit Genişzolaqlı Biznes), FMC (Fixed Mobile Convergence – Sabit Mobil Konvergensiya), Bulud texnologiyaları, MFS (Mobile Finance Services – Mobil Maliyyə Xidmətləri) kimi innovativ layihələrin və müxtəlif tətbiqlərin reallaşmasından əldə olunur. Belə ki, ənənəvi xidmətlər (sabit xətt, ənənəvi kabel TV və mobil rabitə) istiqamətində gəlirlər artıq tədricən azalır və öz yerini internet texnologiyaları, IoT (Əşyaların interneti), OTT (Over the Top – innovativ multifunksional televiziya), M2M (Maşınlararası əlaqə), FinTech (Maliyyə texnologiyaları), MFS (Mobil maliyyə xidmətləri) kimi yeni xidmətlərə verir. Belə bir şəraitdə yeni rəqəmsal xidmətlər daha çox inkişaf edən xidmətlərə çevrilir ki, bütün şirkətlər rəqəmsal transformasiya prosesinə cəlb olunurlar. Yeni şəraitdə bazarda inteqrasiya və konsolidasiya prosesləri gedir, operatorlar bazarın rəqəmsal seqmentinə çıxır, bazarın kiçik oyunçuları böyük oyunçular tərəfindən əldə edilir, öz fəaliyyətlərini diversifikasiya edən iri holdinqlər yaranır. Telekom bazarının analitikləri bu tendensiyaların doğru istiqamət və təbii bir proses olduğunu qeyd edirlər və ümumilikdə bu halın gələcəkdə də davam edəcəyini, dünya üzrə müxtəlif regionlarda tətbiq olunacağını vurğulayırlar.Artıq telekom şirkətlərinin müştəri ətrafında formalaşması, bir kliklə bir sıra xidmətləri təqdim etməsi və sosial çox kanallı kommunikasiya strategiyası qurması kimi məsələlər aktuallaşır. Bunun üçün isə şirkətlər ilk öncə əməliyyat proseslərində dəyişikliklərə getməlidirlər. Şirkətlər artıq müştərilərin davamlı olaraq dəyişilən tələbləri əsasında biznesin adaptasiyası prosesini aparmalı, biznes modellərini təkmilləşdirməli, daha əlçatan, bir paket çərçivəsində müxtəlif xidmətlər təqdim edə bilən şirkətlərə çevrilməli və sözsüz ki, infrastruktur quruculuğu və yenilənməsinə xüsusi önəm verməlidirlər.Hazırda telekommunikasiya sferası dünya üzrə ən sürətlə inkişaf edən sektorlardan biridir. Statistik məlumatlar göstərir ki, 2019-cu ildə telekommunikasiya xidmətləri sahəsində əldə olunan ümumi gəlirin 1 trilyon 196 milyard avroya qalxması proqnozlaşdırılır. Araşdırmalar göstərir ki, son illər ərzində telekom sektorunda ən sürətlə inkişaf edən Asiya Sakit Okean regionu olub ki, 2015-ci ildə bu regionda gəlir 375 milyard avro təşkil edib. Mobil Operatorların Assosiasiyası olan GSMA təşkilatının “Mobil İqtisadiyyat 2017” adlı hesabatına əsasən, dünya üzrə mobil telefon istifadəçilərinin sayı 2017-ci ildə 5 milyarda yaxınlaşıb və bu rəqəm 2020-ci ildə dünya əhalisinin 3/4-nə və ya 5.7 milyarda, mobil genişzolaqlı qoşulma isə 73%-ə çatacaq. Artım əsasən Asiya qitəsində baş verəcək və təkcə Hindistanda növbəti üç il ərzində 310 milyon yeni müştəri artımı olacaq. Eyni zamanda, hesabata əsasən, mobil ekosistemdə birbaşa və ya dolayısı ilə çalışan işçilərin ümumi sayı 30.9 milyon nəfər təşkil edəcək. Operatorların 2020-yə qədər kapital qoyuluşları isə 700 milyard dollara çatacaq.Baş verən inkişaf tendensiyaları ilə əlaqədar olaraq tanınmış “McKinsey & Company” şirkəti də bir sıra maraqlı məlumatlar verir. Bildirilir ki, bu proseslər fonunda şirkət rəhbərləri dəyərin artırılması üçün ciddi addımlar atmalı və transformasiya proseslərindən keçməlidirlər. Şirkətin araşdırmalarına əsasən, yeni texnologiyaların tətbiqi, rəqəmsallaşma şirkətlərə imkan verər ki, biznes əməliyyatlar optimallaşsın və bununla da xərclər aşağı salınsın, müştərilər məmnun qalsın, satışlar isə artsın. Simsiz operatorların bu addımlara getməməsi və ya hələ də gözləməsi üçün az səbəb var, çünki lazım olan bütün texnologiya və idarəetmə metodları artıq əlçatandır. “Deloitte” şirkəti də texnoloji inkişafla bağlı öz proqnozunu verir. Şirkət “Texnologiya, Media və Telekommunikasiya proqnozları 2018” adlı hesabatında qeyd edir ki, 2018-ci ildə onlayn dünyada canlı yayımlar və tədbirlər mühüm gəlir gətirəcək.Yerli şirkətlər qlobal inkişafdan kənarda qalmamalıdırlarDünya telekommunikasiya sahəsində gedən dinamik inkişafın Azərbaycana da təsiri qaçılmazdır və Azərbaycanın telekom sektorunun qabaqcıl oyunçuları olan şirkətlər – mobil operatorlar, magistral (backbone) provayderlər, internet xidmət təminatçıları, ənənəvi və yeni nəsil kabel operator televiziyaları və s. bu proseslərdən kənarda qalmamalı və yeni dövrün tələblərinə uyğun olan inkişaf strategiyası tətbiq etməlidirlər. Qarşıdakı dövrdə şirkətlər müştəri bazasını genişləndirməli, sosial cəhətdən daha aktiv olan müştərilərə yeni innovativ telekommunikasiya xidmətlərini təqdim etməli, ölkənin İKT sektorunun inkişafı və xarici bazarlarda rəqabət aparmaq qabiliyyətinə malik olan məhsulları təqdim etməlidirlər. Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün bütün imkanlar var. Yüksək texnologiyaların tətbiqi, mühüm tədbirlərin ölkəmizdə keçirilməsi, dövlət tərəfindən telekommunikasiya sahəsinin inkişafı üçün qəbul olunmuş mühüm qərarlar bunu deməyə əsas verir.Hazırda İKT-nin inkişafı üçün görülən işlər və reallaşdırılan layihələr son nəticədə ölkəmizdə biliklər iqtisadiyyatının inkişafını təmin edəcək. Bu insanların və biznesin daha çox çevikliyinə imkan verəcək. Dövlət tərəfindən dəstəklənən və post-neft dövrünün tələblərinə uyğun olan yeni inkişaf strategiyası, yeni dövrün tələblərinə uyğun dayanıqlı və davamlı inkişafı istiqaməti Azərbaycanda telekommunikasiya sferasında yeni ekosistem yaratmaqla bərabər cəmiyyətin və dövlətin davamlı inkişafına, innovasiyaların tətbiqinə, biznes mühitinin inkişafı və yeni investisiyaların cəlbinə əlverişli şərait yaradacaq.Bu strategiyanın geniş tətbiqi ənənəvi telekommunikasiya arxitekturasını dəyişir, yeniliklərə yol açır və həm də əhali arasında yeni rəqəmsal davranış mədəniyyətinin inkişafını təmin edir.Müəllif haqqında: F.Allahverdiyev telekommunikasiya sahəsində 20 ildən çox iş təcrübəsinə sahibdir və müxtəlif startapların və həmçinin İKT sahəsində bir sıra uğurlu şirkətlərin təsisçisi olub. F.Allahverdiyev müxtəlif illərdə “Caspian Telecom”, “Ailə TV”, “Ailə NET”, “CONNECT” kimi telekommunikasiya şirkətlərində rəhbər vəzifəsində çalışıb. O, Bakı Dövlət Universitetini Tətbiqi Riyaziyyat ixtisası üzrə bitirib və nüfuzlu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “MBA Executive” proqramının məzunudur. Hazırda F.Allahverdiyev Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti olan “AzerTelecom” MMC-nin Baş icraçı direktorudur. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx, Korporativ şəbəkə və digər qabaqcıl İKT xidmətləri təqdim edir və dünya telekom sektorunda olan innovativ yanaşmaları ölkəmizdə tətbiq edir.BAKU.WS

Son xəbərlər