Rəvan Həsənov: "Vahid və etibarlı məlumat bazasının yaradılmasına ciddi ehtiyac var"

Rəvan Həsənov: Vahid və etibarlı məlumat bazasının yaradılmasına ciddi ehtiyac var
Sosial 37

"Vahid və etibarlı bir məlumat bazasının yaradılmasına ciddi ehtiyac var".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Din Xadimlərinin II Forumunda "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel müzakirəsi zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.

O bildirib ki, internet platformalarında bizim cəmiyyətimizə, milli kimliyimizə və dini yanaşmalarımıza dair çoxsaylı təhlil olunmamış, bəzən də təhrif edilmiş məlumatlar mövcuddur:

"Halbuki Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsi müəyyən institutlar çərçivəsində formalaşıb və bu sahədə kifayət qədər təcrübə mövcuddur. Lakin bütün bunlara baxmayaraq, vahid və etibarlı bir məlumat bazasının yaradılmasına ciddi ehtiyac var. Cəmiyyətə təqdim etmək istədiyimiz dəyərlər sistemli, ardıcıl və peşəkar şəkildə çatdırılmalıdır. Bu dəyərlərin təqdimat formaları da dövrün tələblərinə uyğun olmalı və geniş auditoriya üçün əlçatan edilməlidir".

Rəvan Həsənov vurğulayıb ki, bu gün hər bir dövlət çalışır ki, minimum müdaxilə, maksimum effektivliklə öz ümumi dəyərlərini və tədris materiallarını optimal şəkildə təqdim etsin:

"Məsələn, bəzi ölkələr sosial şəbəkələrə çıxışı məhdudlaşdırmaq yolunu seçir. Lakin bu, uzunmüddətli və effektiv həll hesab edilə bilməz. Əsas məsələ alternativ, sağlam və cəlbedici məzmunun yaradılmasıdır. Yəni elə bir informasiya və proqramlar hazırlanmalıdır ki, cəmiyyət özü həmin məzmunu seçsin, ona maraq göstərsin, etibar etsin. İnformasiya axınlarının qarşısını inzibati yollarla almaq getdikcə daha da çətinləşir. Buna görə də bizim yanaşmamız qadağalar üzərində deyil, maarifləndirmə, keyfiyyətli məzmun və düzgün strategiya üzərində qurulmalıdır".

Son xəbərlər