Rayonlardan paytaxta təcili yardım maşını ilə xəstə göndərilməsi qadağan edilib

Rayonlardan paytaxta təcili yardım maşını ilə xəstə göndərilməsi qadağan edilib
Sosial 3418

Rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin göndərilməsinə qadağa qoyulub.

Zaqatala rayonundan APA-ya daxil olan müraciətdə bildirilib ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasından xəstənin təcili yardım maşınları ilə Bakıya gətirilməsi müşkülə çevrilib. Belə ki, xəstənin yaxınları onu Bakıya gətirmək istəsə də, təcili yardım buna icazələrinin olmadığını deyib. Bildirilib ki, təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir. Belə olduğu halda, Bakıdan təcili yardım maşını göndərilməli, o xəstəni götürərək Bakıya qaytarmalıdır. Bundan əlavə, xəstə Bakıya aparılsa belə, onun özəl xəstəxanalara yerləşdirilməsinə icazə yoxdur. Xüsusi hallarda xəstə təcili yardım briqadaları vasitəsilə Bakıya gətirilərsə, onlar yalnız əvvəldən müəyyənləşdirilən bəzi xəstəxanalara yerləşdirilir. Bu qaydalar yalnız Zaqatalada deyil, digər şəhər və rayonlarda da tətbiq edilir.

Təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir

Bəzi hallarda isə xəstəxanada profillər üzrə kadr çatışmır. Belə ki, bu məsələ günortadan sonra, növbətçilik zamanı daha qabarıq formada özünü göstərir. Məsələn, xəstəxanada müəyyən xəstəyə yardımın göstərilməsi üçün ixtisasa uyğun həkimlər olmur.

Təbii ki, istənilən halda xəstəyə vaxtında tibbi yardımın edilməməsi müəyyən problemlərə, hətta ölümə də səbəb ola bilər.

Səhiyyə eksperti Adil Qeybulla APA-ya açıqlamasında deyib ki, bu sahədə heç bir qadağa ola bilməz. Onun sözlərinə görə, istənilən şəxs, istənilən yerdə (Azərbaycanda və ya xaricdə) tibbi xidmətdən istifadə edə və ya əməliyyat etdirə bilər: "Bütün sivil dünyada belədir. Normal, inkişaf etmiş ölkələrdə insanlar tibbi sığorta ilə səhiyyə sisteminə güvənir və lazımı tibbi prosedurları, əməliyyatları həyata keçirir. Amma sığorta ilə bu cür yoxlanmalar həm məhəlli, həm mərkəzi ola bilər. Amma özəl şəkildə öz vəsaiti hesabına seçim insanın özündən asılıdır və ona heç kim mane ola bilməz. Regionların inkişafı məsələsinə gəlincə, səhiyyə dünyanın hər bir yerində elə qurulub ki, insan yaşadığı yerdə güvənli şəkildə tibbi xidmətdən yaralana bilsin. Məsələn, Türkiyədə istər Ankara, istər İstanbul, istər İzmir və digər yerlərdə səhiyyə yüksək səviyyədə təşkil olunub. Ona görə də vətəndaşın hansısa tibbi müdaxilədən ötrü İstanbula gəlməsinə ehtiyac qalmır. Biz də bu cür səhiyyə qurmalıyıq. Bu məsələ administrativ üsullarla yox, səhiyyəyə güvən, yüksək inkişafla həll edilməlidir. Ona görə də vətəndaşa cərrahiyyə əməliyyatını istədiyi yerdə həyata keçirməyə icazə verilməlidir. Bu, onun şəxsi işidir. Yox, əgər icbari tibb sığorta olsa, onu maliyyələşdirən müəssisə özü müəyyən edəcək ki, tibbi xidmətlər harada icra olunsun”.

A. Qeybulla qeyd edib ki, bu gün Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmadığı üçün bu məsələdə vətəndaşlar sərbəst olmalıdır.

Səhiyyə eksperti vurğulayıb ki, bu gün regionlarda müasir tibb müəssisələr tikilsə də, avadanlıqlar olsa da, onlarla işləyə biləcək kadrlar çatışmır. Onun fikrincə, belə olduğu halda xəstənin paytaxta gətirilməsinə icazə verilməməsi müəyyən problemlər yaradır: "Təəssüflər olsun ki, bizim bu istiqamətdə xeyli çətinliyimiz var. Bələdiyyə səhiyyəsi, icbari tibbi sığorta inkişaf etməyib. Bununla yanaşı, Türkiyədə, ABŞ-da, Avropa ölkələrində təhsil alan xeyli gənc bu gün Azərbaycanda çalışır. Onlar qərb sistemini Azərbaycanda görə bilmir və mövcud səhiyyəyə adaptasiya etməkdə xeyli çətinlik çəkirlər. Bu sahədə müəyyən problemlər var. Bütün regionlara yüksək səviyyəli tibb kadrlarını cəlb etmək imkanımız yoxdur. Çünki əvvəla həkimlərin maaşları yetərincə deyil, ikincisi isə regionlarda işləmək üçün stimullaşdırıcı tədbirlər yoxdur. Yüksək səviyyəli mütəxəssisləri regionlarda çalışmağa cəlb etmək üçün stimul, bütün təmin atlar olmalıdır. Millətin genofondunun keşiyində dayanan mütəxəssislərə qarşı cəmiyyətdə münasibət dəyişməlidir”.

Regionlarda müasir tibb müəssisələr tikilsə də, avadanlıqlar olsa da, onlarla işləyə biləcək kadrlar çatışmır. Belə olduğu halda xəstənin paytaxta gətirilməsinə icazə verilməməsi müəyyən problemlər yaradır

Xəstəxanalarda növbətçilik prinsiplərinə də aydınlıq gətirən A. Qeybulla qeyd edib ki, bu sistem düzgün qurulmalıdır. Onun sözlərinə görə, cəmiyyətdə hər an bədbəxt, təbii, kriminal hadisələr, texnogen katastroflar ola bilər: "Xəstəxanalarda xüsusilə təcili və təxirəsalınmaz yardım işi yüksək səviyyədə qurulmalıdır. Hər hansı hadisə zamanı xəsarət alanlara tibb müəssisələrində ilkin təcili yardım və müayinələr təşkil edilməlidir. Bunun üçün xəstəxanalarda həkimlər olmalıdır. İstənilən xəstəxanada növbətçilik zamanı ilk növbədə cərrah həkim, digər növbədə anestezioloq, revmatoloq həkimlərdən ibarət briqada qalmalıdır ki, təxirəsalınmaz müraciətlərdə vətəndaşlara yardım göstərmək mümkün olsun.

Planlı müraciətlərə gəldikdə isə vətəndaş saat 5-dən sonra xəstəxanaya müraciət etdikdə ola bilsin ki, nevropatoloq orada olmasın. Amma stasionar şəraitdə xəstəxanada növbətçi həkimlər ağır xəstələrə görə növbələşdirilə bilər".

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov isə APA-ya açıqlamasında qeyd edib ki, xəstənin regionlardan Bakıya gətirilməsi üçün hansısa vacib sənəd olmalıdır. Onun sözlərinə görə, bütün təcili yardım maşınlarına CPRS sistemi qoyulub və onların gediş-gəlişi barədə məlumat əldə olunur: "Rayondan çıxanda təcili yardım maşını bunun səbəbləri barədə məlumat verir. Ürəyi istəyən hər kəsin təcili yardımla Bakıya getməsi mümkün deyil. Bütün rayonlarda Bakıdan da yaxşı şərait yaradılıb. Ehtiyac olduqda Bakıdan rayona bütün sahələr üzrə lazımi mütəxəssislər göndərilir”.

M. Cəlalov qeyd edib ki, xəstələrin regiondan paytaxta gətirilməsi ilə bağlı qadağanın qoyulması ilə bağlı tapşırıq verilib. Ehtiyac olmadığı halda xəstələrin təcili yardımla rayondan Bakıya gətirilməsinə icazə verilmədiyini deyən baş həkim vurğulayıb ki, regionlarda lazımi təchiz olunan xəstəxana varsa, orada çalışan həkimlər də eyni institutu qurtarıb, eyni həkimlərdir: "Əvvəllər rayonlarda müasir avadanlıqlar yox idi. Amma bu gün bütün xəstəxanalarda lazımi avadanlıqlar var, böyük əməliyyatlar icra edilir. Məsələn, bu yaxınlarda Moskvada icra edilən əməliyyatlardan biri Şirvanda icra edilib. Bir neçə ay əvvəl Ağdamda maşın vuran uşağın sağ qalma ehtimalı yox idi. Bakıdan neo-cərrah gedərək onu əməliyyat etdi və uşaq hazırda tam sağlamdır. Hansısa çətinlik olanda Bakıdan həkimlər, mütəxəssislər sanaviasiya xətti ilə yerlərə göndərilir. Bəzi hallarda xüsusi yardıma ehtiyacı olan xəstənin Bakıya gətirilməsi zəruri hesab olunur. Ağır vəziyyətdə olan xəstəyə yolda nəsə olacaqsa, buna görə kim cavab verəcək? Xəstə qohumları çox vaxt deyir ki, nəsə olsa bizlikdir, amma sonradan başqa hallar baş verir. Bundan əlavə, xəstənin vəziyyəti stabilləşmədən onu harasa - Bakıya gətirilməsi tibbi nöqteyi-nəzərdən də düzgün deyil”.

Baş həkim əlavə edib ki, rayonlardan xəstələrin Bakıya gətirilməsi zamanı yalnız müəyyən xəstəxanalar müəyyən edilib. İlkin olaraq rayondan gətirilən bütün xəstələrin Respublika Klinik Xəstəxanasına yerləşdirildiyini deyən M. Cəlalov vurğulayıb ki, bundan sonra onlar Klinik Tibbi Mərkəzə və ayrı-ayrı xəstəliklər üzrə xüsusiləşmiş institutlara aparılır.

Ürəyi istəyən hər kəsin təcili yardımla Bakıya getməsi mümkün deyil. Bütün rayonlarda Bakıdan da yaxşı şərait yaradılıb. Ehtiyac olduqda Bakıdan rayona bütün sahələr üzrə lazımi mütəxəssislər göndərilir

Təcili yardımın özəl tibb müəssisələrinə xəstə aparmasına icazənin olmadığını deyən həkim qeyd edib ki, bu qayda əvvəldən olub, həmişə də bu formada icra edilib.

Tibb müəssisələrində növbətçilik sisteminə aydınlıq gətirən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov APA-ya açıqlamasında deyib ki, həkimlərin günortadan sonrakı fəaliyyəti növbətçiliyə əsasən həyata keçirilir. Onun sözlərinə görə, növbətçilik Əmək Məcəlləsinə uyğun keçirilir və müvafiq qrafik tərtib olunur.  

E. Əzizov qeyd edib ki, növbətçilikdə müəssisənin fəaliyyət göstərdiyi istiqamət və ixtisas növlərinə uyğun tibb işçiləri olmalıdır: "Müəssisədə cərrahiyyə əməliyyatları icra olunursa, cərrah, anestezioloq, tibb bacısı mütləq xəstəxanada olmalıdır. Zəruri olan tibb işçiləri də müəssisədə növbətçilik əsasında qalmalıdır. Əgər hansısa həkimlərin xəstəsi varsa, profilə uyğun olaraq onlar növbədə olmalıdır. Hər bir halda həkim həkimdir. Növbətçi həkim kimi qəbul şöbəsində kardioloq, terapevt da qala bilər. Hər bir müəssisədə növbətçiliyin qurulması müəssisənin rəhbərliyindən asılıdır.  Həkimlərin növbətçiliyinə nəzarət də tibb müəssisəsinin rəhbərliyi tərəfindən aparılır”.

Nazirlik rəsmisi qeyd edib ki, hər hansı vətəndaş tibb müəssisəsinə müraciət etdikdə yalnız müəyyən tibbi müayinələrdən sonra onun hansı həkimə yönləndiriləcəyi məlum olur. Onun sözlərinə görə, xəstə qəbul şöbəsində qəbul olunur, ümumi müayinələrdən keçəndən sonra hansı dar ixtisaslı mütəxəssislərin cəlb olunacağı müəyyən olunur: "Bu məsələdə əsas odur ki, istənilən vaxt vətəndaş üçün vacib olan tibbi xidmət təşkil edilsin, müayinələr aparılsın. Məsələn, xəstədə ürəklə bağlı problemi olarsa, kardioloq həkim müəssisəyə çağırıla bilər”.

BAKU.WS

Son xəbərlər