Rayonlarda torpaq sahəsini neçəyə almaq olar? - QİYMƏTLƏR

Rayonlarda torpaq sahəsini neçəyə almaq olar? - QİYMƏTLƏR
Açıqlama
Sosial 207

"Rayonlar adətən iqtisadi infrastrukturun inkişaf səviyyəsinə, ölkə iqtisadiyyatında tutduğu paya, həmçinin əhalinin sıxlığına və ərazi potensialına görə qiymətləndirilir. İnkişaf meyllərinin daha güclü olduğu bölgələrdə torpaq və daşınmaz əmlakın qiymətləri də müvafiq olaraq daha yüksək olur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, bu baxımdan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını xüsusi qeyd etmək olar:

"Həmin ərazilərdə daşınmaz əmlak bazarı hazırda yeni formalaşır. Böyük bərpa və quruculuq layihələrinin icrası bu regionlarda torpaq sahələrinə tələbi artırır və nəticə etibarilə ən yüksək qiymətlərin məhz bu ərazilərdə formalaşacağı proqnozlaşdırılır. Bazarı yeni olduğu üçün qiymətlər hələ tam stabilləşməyib və artım potensialı yüksək olaraq qalır.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikası da qiymət artımının müşahidə olunduğu əsas bölgələrdəndir. Uzun illər ərzində mövcud olan məhdudiyyətlər daşınmaz əmlak bazarının inkişafına imkan vermirdi. Hazırda isə bu sahədə canlanma müşahidə olunur və torpaq sahələrinin qiymətlərində nəzərəçarpacaq artım qeydə alınır.

Eyni zamanda Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Yevlax, Zaqatala, Şirvan, Lənkəran və Bərdə şəhərlərində də torpaq sahələrinin nisbətən daha yüksək qiymətlərlə təklif olunduğu müşahidə edilir. Konkret olaraq hər bir rayon üzrə dəqiq qiymət demək çətindir, çünki bu, geniş araşdırma tələb edən mövzudur. Lakin ümumi tendensiya olaraq bu şəhərlərdə qiymətlərin yüksək olduğu demək mümkündür.

Qiymət artımının orta səviyyədə olduğu rayonlara Quba, Qusar, Tovuz, Masallı, Salyan, Hacıqabul, Ağdaş və Beyləqan aid edilə bilər. Bu ərazilərdə artım mövcuddur, lakin kəskin xarakter daşımır.

Qiymət artımının nisbətən zəif müşahidə edildiyi rayonlar sırasında isə Saatlı, Lerik, Cəlilabad və Sabirabad göstərilə bilər. Bu bölgələrdə torpaq bazarında dinamika digər rayonlarla müqayisədə daha aşağıdır ki, bu da əsasən infrastrukturun inkişaf səviyyəsi ilə bağlıdır.

Ümumilikdə, rayonları inkişaf səviyyəsinə görə şərti olaraq üç qrupa bölmək olar:

İnkişaf etmiş rayonlarda torpaq sahələrinin qiymətləri təxminən 15-30 min manat aralığında dəyişir;

Orta inkişaf səviyyəsinə malik rayonlarda qiymətlər əsasən 5-15 min manat arasında olur;

İnkişafı zəif olan rayonlarda isə torpaq sahələrinin qiymətləri 5 min manatdan aşağı səviyyədə formalaşır.

Bu bölgü daşınmaz əmlak bazarında mövcud vəziyyəti ümumi şəkildə əks etdirir və gələcəkdə infrastruktur layihələrinin artması ilə dəyişə bilər".

Orxan Hüseyn

Son xəbərlər