İranın Ermənistandakı səfirinin bəyanatı beynəlxalq hüquqa və Prezident Rəisinin mövqeyinə ziddir - RƏY - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin müsahibəsində səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqa, İranla Azərbaycan arasında qonşuluq münasibətlərinə və İran Prezidentinin Özbəkistanda ifadə etdiyi mövqeyə ziddir.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.
“Bilirsiniz ki, cəmi 3 gün öncə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti ilə görüşündə Seyid İbrahim Rəisi açıq mətnlə ifadə etdi ki, biz Qarabağın uzun illərdən sonra öz əzəli ərazisinə qovuşmasına çox sevinirik: “Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”.
İran Prezidentinin məlum mövqeyi beynəlxalq hüququn aliliyi və müəyyən müddət davam etmiş siyasi gərginliyin ardınca çox qiymətli gediş idi və Azərbaycanda bütün səviyyələrdə haqlı olaraq alqışlanmışdı. Lakin cəmi iki gün sonra İranın səfirinin bu bəyanatı və Azərbaycana münasibətdə başından böyük çağırışları qəbuledilməzdir.
Rəsmi Tehran ən azı öz Prezidentinin mövqeyinə hörmət naminə məsələyə aydınlıq gətirməli, ermənidən çox daşnaklıq edən, diplomatik etiketdən xəbəri olmayan səfiri ilə bağlı tədbirlər görməlidir. Bu halda səfirin davranışlarının özfəaliyyət olduğuna inanar, Tehranın isə xoşagəlməz gərginliyin ardınca yaxşılaşan İran-Azərbaycan münasibətlərinə səmimi şəkildə töhfə vermək niyyətinə şübhə etmərik”, - deputat qeyd edib.
Yaxın 3 il ərzində ərazi bütövlüyümüz və suverenliyimizə dil və əl uzadıb qarşımızda səf tutanların Vətən müharibəsində və antiterror tədbirlərindəki taleyi heç kim üçün sirr deyil. Əgər səfirin iddia etdiyi kimi, Tehran yeni erməni özmüqəddəratı prosesində maraqlıdırsa, İranda yaşayan 500 minə yaxın erməni üçün fars torpaqlarında ikinci erməni dövləti qura bilər. Əgər İran bu mövqeyi bölüşmürsə, o zaman səfirinin xaltasını dartmalıdır”.
Digər vacib məqam, müasir beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etməsi prinsipi beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipinə zidd olmamaqla baş tuta bilər: “Yenə də, İran səfiri əksini düşünürsə, cənub qonşumuzun Xarici İşlər Nazirliyi səfirin İran Prezidentinin açıqlamaları ilə daban-dabana zidd çərənləməsinə münasibət bildirmir və partizanlıq edən diplomatını cəzalandırmırsa, o zaman Tehran da 30 milyonluq Cənubi Azərbaycan əhalisinin təməl haqları və öz müqəddəratı məsələsinin müzakirəsinə hazır olmalıdır”.
Oxşar xəbərlər
Azərbaycanın görkəmli xanəndəsi Seyid Şuşinskinin anım günüdür
Bu gün Azərbaycanın görkəmli xanəndəsi Seyid Şuşinskinin vəfatından 58 il ötür. BAKU.WS xatırladır ki, Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Ho...