Ramazanda müalicə alanların DİQQƏTİNƏ! - Bu hallarda oruc pozulmur

Ramazanda müalicə alanların DİQQƏTİNƏ! - Bu hallarda oruc pozulmur
Sosial 194

Müqəddəs Ramazan ayında ən çox verilən suallardan biri də dərman qəbulunun oruca təsir edib-etməməsi ilə bağlıdır.

Xüsusilə xroniki xəstəlikdən əziyyət çəkənlər və müalicə alan şəxslər bu mövzuda tərəddüd yaşayırlar.

Məsələ ilə bağlı ilahiyyatçı Fərid Abdullah BAKU.WS-ə açıqlamasında bildirib ki, bəzi hallarda dərman istifadəsi orucu pozmur.

Onun sözlərinə görə, astma xəstələrinin istifadə etdiyi inhalyator (nəfəs açıcı məhlul) birbaşa ağciyərlərə gedir və qida borusuna daxil olmursa, bu zaman oruc pozulmuş hesab edilmir.

İlahiyyatçı qeyd edib ki, Ramazan ayında insanı zəiflədə biləcək və orucun mahiyyətinə zidd olan hallardan uzaq durmaq tövsiyə olunur:

"Lakin zərurət yarandıqda tibbi müdaxilələrə icazə verilir. Məsələn, diş çəkdirmək olar, amma udma baş verməməlidir. Eyni zamanda iynə vurdurmaq və ya sistem qoşdurmaq da mümkündür. Burada əsas şərt həmin preparatların qidalandırıcı olmaması və qidanı əvəz etməməsidir".

Dinşünas vurğulayıb ki, hər bir vəziyyət fərdi şəkildə qiymətləndirilməlidir. O, möminlərə qarşılaşdıqları hallarda öz mülahizələrinə əsaslanmaq əvəzinə din xadimlərinə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Ramazan ayında oruc qaydaları ilə bağlı suallar xüsusilə sağlamlıq məsələlərində daha çox aktuallaşır. Bu səbəbdən mütəxəssis rəyi almaq həm dini baxımdan, həm də sağlamlıq baxımından düzgün qərar verməyə kömək edir.

Orxan Hüseyn

Son xəbərlər