Ramazanın olar-olmazları - İlahiyyatçıdan CAVAB - FOTO

Hər il mübarək Ramazan ayında müsəlmanlarda orucun tutulması ilə bağlı bir çox suallar yaranır.
BAKU.WS olaraq oxucularımızı maraqlandıran suallara cavab almaq üçün tanınmış ilahiyyatçı, Fərid Abdullaha müraciət etdik.
Müsahibəni təqdim edirik:
- Ramazan ayının fəziləti və oruc tutmağın fəlsəfəsi barədə nə deyə bilərsiniz?
- Ramazan ayı qəməri aylardan doqquzuncu aydır. Bu ayda oruc tutmaq müsəlmanlara vacib edilmişdir. Bu ay həm də müsəlmanların ibadət ayıdır. Digər aylarda edilən xeyir əməllərin savabı bu ayda daha da artır. Hədislərdə Ramazan ayı Allahın ayı kimi vəsf edilir. Möminlər Allahın ziyafətinə dəvət edilirlər. Ramazan ayında ən üstün əməl Quran oxumaqdır.
Oruc tutmağın fəlsəfəsinə gəlincə, Quran deyir ki, Allahın orucu müsəlmanlara vacib etməsi, bəlkə onların təqvalı olması üçündür. Təqva İslam maarifində və əməllər baxımından çox uca xüsusiyyətlərdəndir. Oruc tutan insan bu bir aylıq proqram ərzində öz üzərində çalışır. İlboyu hətta nizamsız və sərgərdan insan belə, Ramazan ayında nizam-intizamlı olur, bəzi qaydalara riayət edir, xeyir işlər görməyə çalışır, günahlardan çəkinir və sair.
- Kimlər oruc tuta bilər, kimlər tutmamalıdır? - Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə, doğum vaxtı yaxınlaşan və oruc tutmağın özünə və ya bətnindəki uşağa zərəri olan qadına, habelə uşağa süd verən qadının südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər verərsə, oruc tutmaq onlara vacib deyildir. Yəni ümumi meyar oruc tutmağa fiziki gücü çatmamaq, yaxud tutacağı təqdirdə sağlamlığına zərər dəyəcək adamlar bundan istisnadırlar.
- Orucu batil edən şeyləri sadalayardınız?- Orucu batil edən şeylər var. Yəni sübh azanından məğrib azanınadək oruc tutan kəs bu əməlləri etməməlidir. Etsə, orucu batil olacaq: 1. Yemək və içmək. 2. Cinsi münasibət. 3. Masturbasiya. 4. Allaha, Peyğəmbərə və həzrətin canişinlərinə yalan isnad vermək, yəni onların adından yalandan bir söz demək. 5. Qatı tozu boğaza yetişdirmək. 6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq. 7. Axıcı şeylərlə imalə etmək. 8. Qəsdən qusmaq. Bir də başı tamamilə suya batırmaq barəsində alimlər arasında fikir ayrılığı vardır.
- Oruc vaxtı səfərə çıxmaq olarmı? - Səfərdə dörd rəkətli namazları iki rəkət qılmalı olan müsafir gərək oruc tutmasın. Əlbəttə, sabah səfərə çıxacağamsa, oruc tutmayım – deyə bir əməl etmək olmaz. Adam oruc tutur, səfərə çıxıb, müəyyən həddi keçdikdən sonra bu hökm onun boynuna gəlir. Əgər oruc tutan zöhr namazından sonra səfər etsə, orucunu tamamlamalıdır. Əgər zöhrdən qabaq səfər etsə, səfər sayılacaq həddi keçdikdən sonra müsafir sayılacaq.
- Oruc tutmaq təkcə ac qalmaqla kifayətlənir?
- Ramazan ayının oruclarının dərəcələri vardır. Ən sadəsi orucu batil edən işlərdən çəkinməkdir. Yəni vacib olan bunlardır. Əgər adam bunun haqqını yerinə yetirsə, mənəvi halda böyüməyə başlayır. Daha sonra bədən üzvləri ilə də oruc tutmağa başlayır. Yəni gözü, dili, qulağı, əlləri və sair yerləri də oruc olur. Yəni o şeyləri haram və sair qeyri-münasib şeylərdən qoruyur. Bunda püxtələşən adam keçir növbəti mərhələyə, düşüncəsi də oruc olur. Beləcə, inkişaf edir. Əlbəttə hamıya vacib olan birinci mərhələdir. Daha sonrakı mərhələlər İnsanın potensialından asılıdır.
- Namaz qılmayan şəxs oruc tutması düzgündür?
- Ramazan ayında məşhur məsələlərdən biri odur ki, bir də görürsən kimsə camaata: “Namaz qılmırsan, oruc tuta bilmərsən. Hicablı deyilsənsə, oruc tuta bilməzsən” – deyir. Bununla da Allah bəndələrini qovur. Bu yanlışdır. Çünki namaz, oruc, həcc və sair əməllər ayrı-ayrılıqda vacibdir. Düzdür ki, hamısı olduqda üstündür. Lakin hər bir əməli ayrı-ayrılıqda etmək vacibdir. Bununla belə namaz qılmayan şəxslər oruc tuta bilərlər.

Oxşar xəbərlər
Ramazan ayında ən çox verilən SUALLARA CAVABLAR
Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşqu ilə qarşılanır. Müqəddəs ayda insanlarımız oruc tutur, ibadət və dualar edir və...
