Qərbi Azərbaycan Xronikası: "Atamın qəhərlənməyindən bilirdim ki, didərgin düşmək necə ağır hissdir"

Qərbi Azərbaycan Xronikası: Atamın qəhərlənməyindən bilirdim ki, didərgin düşmək necə ağır hissdir
Foto Video
Sosial 41

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Atamın qəhərlənməyindən bilirdim ki, didərgin düşmək necə ağır hissdir" adlı veriliş əslən Göyçə mahalının Qaraqoyunlu dərəsindən olan Qərbi azərbaycanlı Kənan Alıyevin həyat hekayəsinə həsr olunub.

O, 2007-ci ildə Şəmkir rayonunun Ələsgərli kəndində anadan olsa da, hələ kiçik yaşlarında Qərbi Azərbaycan, öz ata-baba yurdu haqqında, oranın tarixi, füsunkar təbiəti, məsuldar torpağı, səfalı bulaqları, yaylaqları, otlaqları haqqında geniş məlumat topladığını söyləyib:

"Qaraqoyunlu dərəsinin tarixi hələ 1410-1468-ci illərdə mövcud olmuş Azərbaycan Qaraqoyunlu dövlətinin tarixi ilə bağlılıq təşkil edir. Qaraqoyunlu dərəsinin 13 kəndi olub. Nənəm Çaykənd, Gölkənd haqqında danışanda həmişə kövrəlib, qəhərlənib və öz yurd niskilini bir sıra bayatılarla çatdırıb".

Onun sözlərinə görə, Qaraqoyunlu dərəsinin sakinləri erməni vandalizminin canlı şahidləri olublar: "Çaykəndə səs yayılırmış ki, ermənilər axşam kəndə hücum, basqın edəcəklər. Bu zaman camaat bir neçə yerdə böyük tonqal qalayır, gecə saatlarına qədər keşik çəkib, dırmıq, toxa ilə mənfur düşməndən özlərini müdafiə ediblər. Hələ kiçik yaşlarında Vətən, yurd həsrətinin necə olduğunu anlamırdım. Atam danışanda onun qəhərlənməsindən bilirdim ki, ata-baba yurdundan deportasiya olunmaq, oradan didərgin düşmək necə ağır hissdir. 1988-ci il dekabrın 3-4-də kəndin əhalisi məcburi şəkildə deportasiya edilib".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

Son xəbərlər