Mahmud Səfəralıyev HƏBS OLUNDU: Əsgərlərə qarşı ZORAKILIQ EDİB
Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi Mahmud Səfəralıyev barəsindəki qərardan verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. Hərbi Prokurorluğun təqdimatı təmin edilib və Mahmud Səfəralıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ittihama görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Mahmud Hikmət oğlu Səfəralıyev tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb.
Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.
Cəlilabad Hərbi Məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmuş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etməyib. Saxlanılan kapitan azadlığa buraxılıb.
Hərbi Prokurorluq M.Səfaralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə alaraq, qərardan apellyasiya şikayəti verib.
Cəlilabad Hərbi Məhkəməsindən bildirilib ki, noyabrın 27-də məhkəmədə Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Mahmud Hikmət oğlu Səfəralıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilib, M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
Oxşar xəbərlər
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində: Təqsirləndirilənlərin həbsini istəyirəm
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanı vətəndaşlarının Alzaman Mahdi Ali,...