Bir zamanların kabusu yenidən geri dönür? - Uşaqları izləyən təhlükə

Bir zamanların kabusu yenidən geri dönür? - Uşaqları izləyən təhlükə
Sosial 91

Bir neçə il əvvəl bütün dünyada, o cümlədən Azərbaycanda da panikaya səbəb olan "Mavi Balina" (Blue Whale) adlı təhlükəli onlayn oyun yenidən gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə bu "oyun"un müxtəlif formalarda yenidən aktivləşdiyi barədə xəbərdarlıqlar yayılır. Mütəxəssislər bildirirlər ki, bu, adi oyun deyil – psixoloji manipulyasiya və intihara sövq edən zərərli internet fenomenidir.

"Mavi Balina" nə idi?

"Mavi Balina" ilk dəfə 2016–2017-ci illərdə Rusiyada yayılmış və qısa müddətdə digər ölkələrə də keçmişdi. Oyun, əsasən, yeniyetmələri və emosional cəhətdən həssas gəncləri hədəf alırdı.

İştirakçılara gizli qruplar vasitəsilə 50 gün ərzində yerinə yetirilməli tapşırıqlar verilirdi – əvvəlcə zərərsiz görünən, daha sonra isə özünə zərər vurmaq, izolyasiya və sonda intihar kimi təhlükəli mərhələlərə aparan tapşırıqlar.

Bir müddətdir yoxa çıxan bir zamanların kabusu yenidən geri dönür?

Binəqədidə baş verən son hadisə bu mövzunu yenidən aktuallaşdırıb.

Bəs hər kəsin qorxduğu "Mavi Balina" oyunu nədir və övladlarımızı ondan necə qoruya bilərik?

Bu və digər məsələlərlə bağlı uşaq psixiatrı Dr. Vəfa Şirinova BAKU.WS-ə açıqlamasında bildirdi ki, son illərdə "Mavi Balina" kimi zərərli internet oyunlarının yeniyetmələr arasında yayılması psixi sağlamlıq mütəxəssislərinin ciddi narahatlığına səbəb olur.

Bir zamanların kabusu yenidən geri dönür? - Uşaqları izləyən təhlükə

"Bu fenomen təkcə bir oyun mexanizmi deyil, eyni zamanda yeniyetmələrdə emosional kövrəklik, impulsivlik və risk davranışlarının birləşdiyi geniş psixososial problemin göstəricisidir.

Məsələni yalnız konkret oyuna bağlamaq doğru deyil; burada əsas məsuliyyət yeniyetmələrin psixi sağlamlıq ehtiyaclarının qarşılanmaması və rəqəmsal mühitdə nəzarətsizliyin yaratdığı təhlükələrdir", - deyə həkim bildirib.

Psixoloji zəmin: Yeniyetmə beyninin risklə təması

Qeyd edək ki, elmi araşdırmalar göstərir ki, 10–19 yaş arası dövrdə beynin prefrontal korteksi - qərarvermə, risklərin dəyərləndirilməsi, özünü tənzimləmə kimi funksiyaları idarə edən bölgə - tam formalaşmır.

Həkim deyir ki, mükafat sistemi (nucleus accumbens) daha aktiv olur.

"Bu bioloji uyğunsuzluq yeniyetmələri:

impulsiv davranışlara,

qrup təsirinə həssaslığa,

təhlükəli təşviqlərə qarşı zəif müqavimətə yönəldir. "Mavi Balina" kimi oyunlar da məhz bu nevrobioloji pəncərəni manipulyasiya edir".

Rəqəmsal mühitdə psixososial risklər

Vəfa Şirinovanın sözlərinə görə, internet mühitində zərərli oyun və qrupların uşaqları tapmaq və cəlb etmək üçün istifadə etdiyi mexanizmlər belədir:

"Emosional vəziyyətə uyğun alqoritmik kontent axını:

Depressiv ifadələr paylaşan yeniyetmələrdə daha çox riskli kontent görünə bilir.

Gizli qruplar və qapalı platformalar: Moderatorlar uşaqları mərhələli şəkildə "bağlılıq" yaratmaqla oyuna daxil edir.

Psixoloji manipulyasiya: Guilt-shaming, gaslighting, təhdid, mükafatlandırma kimi texnikalar istifadə olunur.

Bu manipulyasiya modelləri klinikada gördüyümüz "grooming" davranışlarına bənzəyir və riskli təmasın psixoloji zəncirvari reaksiyalar yaratmasına səbəb olur".

Psixiatrik faktorlar və intihar riskinin yüksəlməsi

Onu da vurğulayaq ki, aparılan elmi tədqiqatlar göstərir ki, belə oyunlara cəlb olunan yeniyetmələrin əksəriyyətində aşağıdakı risk faktorları mövcuddur:

Depressiya və distimiya

Anksiyete pozuntuları( teshvish heyecan )

Davranış pozuntuları və impulsivlik

Diqqet Eksikliyi ve Hiperaktivlik Pozuntusu

Ailədaxili konflikt və emosional dəstəyin azlığı

Zorakılıq və ya kiberzorakılıq təcrübəsi

Özünü dəyərsiz hiss etmə və mənfi özünəqavrayış

Vəfa Şirinovanın sözlərinə görə, elmi ədəbiyyat (WHO, CDC, AACAP) göstərir ki, intihar davranışı bir səbəblə yaranmır; bu, çoxfaktorlu, kumulyativ risklərin nəticəsidir.

"Rəqəmsal oyunlar bu risk zəncirinin "tetikleyicisi" rolunu oynaya bilər, amma ilkin səbəb deyil.

Emosional distantlıq və valideyn-uşaq münasibətində kommunikasiya çatışmazlığı

Qayğı və nəzarətin balanssız olması

Gecikmiş psixoloji müdaxilə

Kiberzorakılığın gizli qalması

Psixoloji xidmətlərin zəif təşkili

Uşaqların sosial bacarıqlarının sistemli dəstəklənməməsi

Elmi araşdırmalar göstərir ki, qoruyucu faktorlar (məsələn, müsbət ailə münasibətləri, sosial bağlılıq, idman/yaradıcılıq fəaliyyəti) intihar riskini 3–6 dəfə azaldır".

Vəfa Şirinovanın sözlərinə görə, "Mavi Balina" oyunu və oxşar rəqəmsal risklər yeniyetmələrin psixi sağlamlığındakı çatışmazlıqları üzə çıxaran sosial fenomenlərdir.

"Uşaq və gənclərin intihar riskinin azalması üçün əsas hədəf rəqəmsal mühitlə mübarizə deyil, onların psixoloji rifahını gücləndirmək, risk faktorlarını erkən aşkar etmək və ailə–məktəb–cəmiyyət üçbucağında koordinasiyalı müdaxilə sistemini qurmaqdır".

Ziya SƏCCAD

Son xəbərlər