Qadın avtobus sürücüsü: "Tam hazır olduğumuzu düşünürəm"

Qadın avtobus sürücüsü: Tam hazır olduğumuzu düşünürəm
Foto Video
Sosial 62

Son illərdə ictimai nəqliyyat sektorunda gender bərabərliyinin gücləndirilməsi ilə bağlı mühüm addımlar atılır. Qadınların avtobus sürücülüyünə cəlb edilməsi bir çox ölkələrdə sürətlə artmaqdadır və bu tendensiya həm nəqliyyat qurumları, həm də sərnişinlər tərəfindən müsbət qarşılanır.

Bu dəyişikliklər təkcə Avropada deyil, dünyanın müxtəlif regionlarında özünü göstərir. Beynəlxalq Nəqliyyat Federasiyasının (ITF) məlumatına görə, Braziliya, Avstraliya və digər ölkələrdə uzun illər "kişilərin işi" sayılan sürücülük sahəsinə qadınların marağı əhəmiyyətli dərəcədə artıb. Avropada isə Danimarka xüsusi olaraq seçilir - burada avtobus və coach sürücülərinin 22 faizi qadındır ki, bu göstərici Avropa ortalamasından (12 %) iki dəfə yüksəkdir. Kolumbiyanın paytaxtı Boqotada həyata keçirilən "Mujeres Conductoras" proqramı çərçivəsində 450-dən çox qadın elektrik avtobuslarını idarə etmək üçün təlim alıb. Qadın sürücülərin sayının artdığı ölkələrdən biri də İndoneziyadır; Cakartada həm qadın sürücülər işləyir, həm də qadınlara məxsus xüsusi avtobuslar fəaliyyət göstərir.

Mövcud təcrübələr göstərir ki, gender balansının yaxşılaşdırılması təkcə kadr çatışmazlığının aradan qaldırılmasına yox, həm də xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olur. BAKU.WS-in məlumatına görə, Avropa İttifaqında aparılan araşdırmalar qadın avtobus sürücülərinin sərnişinlərlə daha yaxşı ünsiyyət qurduğunu və konflikt hallarının az olduğunu ortaya qoyub. İrlandiyanın "Dublin Bus" şirkətinin statistikası da bunu təsdiqləyir: qadın sürücülərə edilən şikayətlər kişilərlə müqayisədə 38 faiz daha azdır. Kolumbiyada isə qadın sürücülərin olması sərnişinlərdə - xüsusilə qadınlarda - təhlükəsizlik hissini artırır.

Qadın sürücülər sahəsində dünya təcrübəsinin genişlənməsi artıq Azərbaycanda da özünü göstərir. Statistik göstəricilər də bunu təsdiqləyir. Əgər 2008-ci ildə sürücülük vəsiqəsi alan qadınların payı kişilərlə müqayisədə cəmi 4,6 faiz idisə, ötən il bu rəqəm 15,9 faizə yüksəlib. Bu artım ölkəmizdə qadınların sürücülüyə olan marağının əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.

Bu tendensiya fonunda bugün ilk dəfə olaraq paytaxtda 140 və 121E ekspres marşrutlarda qadın avtobus sürücüləri fəaliyyətə başlayacaqlar.

Bu gündən Azərbaycanda da 140 və 121E ekspres marşrutlarda qadın sürücülər fəaliyyət göstərəcəklər. Qadın sürücülərdən biri - Cavadova Xalidə 15 ildir, sürücülük fəaliyyəti olduğunu bildirdi:

Qadın avtobus sürücüsü:

"Yeni işimdə tətbiq olunan iş qrafikindən çox razıyam. İş prosesinin rahat və səmərəli təşkil olunması üçün bizə hər cür şərait yaradılıb. Xüsusilə "BakuBus"da qəbul mərhələsində göstərilən diqqət və dəstək işə adaptasiya olunmağımı daha da asanlaşdırdı. Qurumun peşəkar yanaşması və əməkdaşlara verdiyi dəyər burada çalışmaqdan məmnun qalmağımın əsas səbəblərindən biridir".

Digər qadın sürücü - Cəfərova Rənanın isə 20 illik sürücülük təcrübəsi var:

Qadın avtobus sürücüsü:

"İş saatları və yaradılan iş şəraiti məni tam qane edir. AYNA tərəfindən təşkil olunan təlimlər sayəsində bu peşəyə tam hazırlıqlı şəkildə başlamışıq. Tədris prosesində həm nəzəri biliklər, həm də praktiki bacarıqlar peşəkar şəkildə öyrədilib. Artıq sərnişinlərə təhlükəsiz, məsuliyyətli və mədəni xidmət göstərməyə tam hazır olduğumuzu düşünürəm".

Şəhərdə təsadüfən rast gəldiyimiz sərnişinlərdən biri ilə də danışdıq. BAKU.WS-ə danışan sərnişin, Mahirə Novruzova qadın sürücülərin fəaliyyətə başlamasını müsbət qarşıladığını bildirdi. Sərnişin bu addımı şəhər nəqliyyatında pozitiv dəyişiklik kimi qiymətləndirərək qeyd etdi ki, qadınların bu sahəyə cəlb olunması həm xidmətin keyfiyyətinə, həm də ümumi mədəniyyətə müsbət təsir göstərəcək.

Qadın avtobus sürücüsü:

Qadın sürücülərin fəaliyyətə başlaması ilə paytaxtda daha inklüziv, təhlükəsiz və müasir nəqliyyat mühiti formalaşacağı gözlənilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu bir ilk idi:

"Bu təşəbbüs davam etdiriləcək, qadın sürücülərin cəlb olunması ilə bağlı addımlar atılacaq".

Qadın avtobus sürücüsü:

Müxbir: Şahanə Xankişiyeva

Foto: Təranə İbrahimova

Son xəbərlər