Piyada keçidlərindəki eskolatorlar niyə işləmir? - "82 yaşım var, qorxuram..."
Paytaxt ərazisində bir çox yeraltı keçidlərdə eskalatorlar olsa da, vətəndaşlar bundan istifadə edə bilmirlər. Səbəb isə onların işlək vəziyyətdə olmamasıdır.
Son illər piyada keçidlərində quraşdırılan bir çox eskolatorların işləməməsi həm yaşlı insanların, həm də səhhətində problem olan insanların vəziyyətini çətinləşdirir. Nəticədə, insanlar nəqliyyat vasitələrinin sıx olduğu yollarda hərəkət etməyə üstünlük verirlər. Bu da təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
BAKU.WS olaraq sözü gedən keçidlərlə bağlı çəkiliş etdik. Nəticə isə heç də ürəkaçan deyil - vətəndaşlar vəziyyətdən olduqca narazıdırlar.
"Qış parkı"nda yerləşən keçidlərdən mütəmadi olaraq istifadə edən insanlardan biri də Lətifə xaladır. O, hər gün buradakı keçiddən istifadə edir. Ancaq səhhəti ilə bağlı bəzən təhlükəli avtomobil yollarından istifadə etməyə məcbur olur:
"82 yaşım var, hər gün yolun o biri tərəfinə keçməyə məcburam. Bu boyda böyük parkda təəssüf ki, eskolatorlar işləmir, bu da mənə çox əziyyət verir. Ayaqlarımda problem olduğu üçün çox vaxt maşın yolundan keçməyi üstün tuturam. Düzdür, qorxuram, amma nə etmək olar..."
Heydər Əliyev adına olan parkda da vəziyyət eynidir. İnsanlar buradakı keçidlərdə eskolatorun axırıncı dəfə nə vaxt işlədiyini unutduqlarını deyirlər. Vətəndaş Samirə Novruzova hamilə olduğu üçün hər dəfə eskolator problemi yaşayır. Digər insanlar kimi o da paytaxtın bir çox yerində eyni problemlə qarşılaşdığını deyir:
"Çox çətinlik çəkirik, nəinki hamilələrin, yaşlıların, bəzən orta yaşlı insanların da narahatlıq yaşadığını görürəm. Yüzlərlə insanın keçiddən istifadə etməmə səbəbindən maşın yolundan keçərək təhlükəli şərait yaratdığına şahid olmuşam. Ümid edirəm, müvafiq qurumlar məsələyə ciddi yanaşarlar."
Digər "yeriyən pilləkən" problemi 20 nömrəli məktəbin yanında yerləşən keçidlərdədir. Bu keçiddən gün ərzində minlərlə insan istifadə edir. Hansı ki həm şagirdlər, həm müəllimlər, həm də valideynlər bu haldan çox narazıdırlar.
Həmin məktəbdə oxuyan şagirdin valideyni Mehdiyeva Sevda övladının bəzən maşın yolundan istifadə etdiyini bildirdi. Bu hal təkcə onu yox, digər valideynləri də narahat edir.
Keçiddən istifadə edən yaşlılar isə bura çıxıb-düşməyin çox çətin olduğunu deyirlər.
Ölkə vətəndaşlarından əlavə, gələn turistlər də bu keçidlərdən istifadə zamanı eskolatorun işləməməsinə təəssüflənirlər. Nəzərə alsaq ki, son illə ölkəmizə turist axını var.
Görünür, doğrudan da paytaxtda qoyulan eskolatorların adı var, özü isə yox kimi bir şeydir.
Məsələ ilə bağlı BAKU.WS Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinə sorğu ünvanladı.
"Qış parkı"nın aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorlarının əsaslı təmiri nəzərdə tutulub."
Cavabdan görünür ki, hələ uzun müddət bu problem öz həllini tapa bilməyəcək.
Bəzi yeraltı keçidlər isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərkibindədir. Həmin qurumdan isə təəssüf ki, heç bir cavab ala bilmədik.
Belə vəziyyətdə bizdən vətəndaşlara can sağlığı, xüsusi ilə ayaqlarına güc-qüvvət arzu etmək qalır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...