Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyevin doğum günüdür

Bu gün Azərbaycanın paralimpiya cüdoçusu, ikiqat dünya, səkkizqat Avropa, 2015-ci il Avropa Oyunları çempionu, Əməkdar məşqçi, Qarabağ müharibəsi qazisi İlham Zəkiyevin 44 yaşı tamam olur.
İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisi olan Əzizağa Zəkiyevin ailəsində anadan olub. Ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var. Sumqayıt şəhərinin 5 saylı orta məktəbinin məzunudur. Məktəbli olarkən ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub. İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olurdu. Onun sayəsində İlhamın da idmana həvəsi yaranmışdı.
1995-ci ildən Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur.
1998-ci ilin iyun ayında Azərbaycan kubokunun qalibi oldu. Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırdı. Lakin Moskvadakı olimpiadaya getmək ona müyəssər olmadı. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırıldı və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başladı.
Beyləqan rayonunun Daşburun stansiyasında əsgərləri mövqelərə bölüşdürəndə, onun komandiri Zəkiyevi fiziki görünüşünə və idman göstəricilərinə görə öz yaşıdlarından seçildiyi üçün "N" saylı kəşfiyyat taburuna göndərdi. O, yeddi ay orduda nümunəvi xidmət edərək, fəxri fərmanlar almışdır. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxmışdı. O, beş gün koma vəziyyətində qalır və həkimlər onun öləcəyini bildirirlər. Beşinci gün İlham rayon xəstəxanasında, anasının səsini eşidib özünə gəlir. Lakin gözlərini açanda, heç nə görmür. O, görmə qabiliyyətini itirmişdi.
İlhamın anası xatırlayır: "Biz onu rayon hərbi hospitalında tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər ümidlərini itirmişdilər. "İdmançı olduğu üçün ürəyi hələ də mübarizə aparır", - onlar deyirdilər. Mən onu çağırdım, "Oğlum, İlham" dedim. İlham çox zəif bir səslə mənə cavab verdi, "Mənə soyuqdur" dedi. Onda hamı başa düşdü ki, İlham ölümə qalib gəldi. Mən öz jaketimi çıxarıb onun üstünə sərdim. Yanında əyləşdim, isti çay verdim. O, evinə I qrup Qarabağ əlili kimi döndü".
O, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlayıb. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxıb. O, püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışdı və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub olub. Buna baxmayaraq, İlham Zəkiyev təsəlliverici görüşlərdə qalib olaraq bürünc medala sahib oldu və 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazanıb..
İlham Zəkiyev Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu idi. Onun Afinada ilk qarşılaşdığı idmançı, Kvebekdəki yarışmada məğlub olduğu kubalı dünya çempionu oldu. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib yarımfinala qalxdı. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub etdi. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları Çempionu adını qazandı.
Bir ildən sonra isə Niderlandda keçən Avropa Çempionatının final yarışmasında Fransanı təmsil edən Julien Torini məğlub edərək Avropa çempionu oldu. 2006-cı ildə Fransada keçirilən Dünya Çempionatında bürünc medal qazandı. 2007-ci ildə Bakıda keçirilən Dünya Çempionatında yenə də qalib oldu.[8] Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışmasında qızıl medala layiq görülüb.
2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub etdi.[8]
2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olub. 2013-cü ildə altıncı dan qara kəmərə sahib olub. Həmin il Londonda keçirilən Paralimpiya oyunlarında ilk görüşündə Heydər Heydərovla qarşılaşıb və ona heç bir şans verməyib. Növbəti — 1/4 finalda Zəkiyevin rəqibi yaponiyalı Kento Masaki olub. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılıb.[13] Nəticədə Zəkiyev təsəlliverici görüşlərə qatılıb və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medalla kifayətlənib.
2015 Avropa Oyunlarının açılış mərasimində məşəl yandırmışdır. 2015-ci ildə birinci Avropa Oyunlarında Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı yazdı.[15] O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2015-ci ilin idman laureatları arasında "İlin idmançısı" arasında ikinci yerə layiq görülüb.
Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını yığmanın kapitanı İlham Zəkiyev aparıb. O, həmin vaxt milli geyimdən istifadə edib. Geyimin müəllifi Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.
Mübarizəyə qoşulan Zəkiyev ilk görüşündə özbəkistanlı Adilxan Tuledibayevlə qarşılaşdı. Görüşün son dəqiqələrində İlham Zəkiyev tətbiq etdiyi fəndin əksinə düşərək ipponla gözlənilmədən məğlub oldu. Adilxan Tuledibayev yarımfinalda yaponiyalı Kento Masakini görüşün başlanğıcında ipponla məğlub edib finala yüksəldiyi üçün Zəkiyev təsəlliverici qrupda mübarizə aparıb.
Qrupun ilk görüşündə ABŞ nümayəndəsi Benjamin Qoodriçi ippon, 2-ci görüşündə isə Birləşmiş Krallıq cüdoçusu Cek Hocsonu yuko xalı tətbiq edərək məğlub etdi və həlledici görüşə adlayıb. Bürünc medal uğrunda mübarizədə İlham Zəkiyev Yenqalini Ximenez ilə üz-üzə gəlsə də, təzyiqinin aşağı düşməsi, əlinin və dizinin zədəli olması Zəkiyevi bu görüşdə məğlub etdi. Ximenez yuko xalı ilə bürünc medal uğrunda mübarizənin qalibi olub. Nəticədə cüdoçu, 2016 Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərib.
İlham Zəkiyev 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.
2005-ci ildə ailə həyatı qurub. Üç övladı var: iki oğul, bir qız. 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı “İşıqlı Zülmət” filmi çəkilib. İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da “Şöhrət” ordeninə, 2009-cu ilin mart ayının 5-də “Əməkdar idman ustası” adına, 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb. 2016-cı ildə İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...
