Oruc tutmağın insan orqanizminə faydası - Mütəxəssis rəyi

Oruc tutmağın insan orqanizminə faydası  - Mütəxəssis rəyi
Sosial 195

"Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimində fərqlənmə müşahidə olunur. İmsaq və iftar zamanı qəbul etdiyimiz qidalardan insan orqanizmi qüvvətlənir".

BAKU.WS xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.

O əlavə edib ki, bu qidalardan alınan enerji tükəndikdə isə qaraciyər və əzələlərdə yığılan karbohidratlar və yağlar yandırılaraq bədəni müəyyən fəsadlardan qoruyur: "Bunun orqanizm üçün böyük faydası var. Gün ərzində tez-tez çay və qəhvə kimi içkilərə üstünlük verənlər oruc tutarkən bəzən kofein çatışmazlığından özlərini narahat hiss edirlər. Bu vəziyyət başlanğıcda baş ağrısı və yorğunluğa səbəb olsa da, bir müddət sonra orqanizm buna alışır.

Ekspert əlavə edib ki, bu ayda mədəni narahat etməmək və kalori qəbulunu idarə etmək üçün artıq yağ qəbuluna səbəb olacaq qızartma və qovurma kimi xörəklərdən az istifadə edilməsi tövsiyə olunur:

"Gün ərzində enerjili olmaq üçün qida rasionuna zülalla zəngin olan məhsullara üstünlük verilməlidir. Həmçinin çox yağlı və tərkibində karbohidrat olan un məmulatlarından az istifadə olunması məsləhət görülür. Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq qidanın daxil olması spazmalara səbəb ola bilər".

Günay İsmayılova daha sonra deyib ki, oruc tutmaq azyaşlı uşaqlara, hamilə qadınlara və süd verən analara tövsiyə olunmur: "Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, hipertoniya, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri olan insanlar oruc tutmaq istədikləri təqdirdə müalicə həkimləri ilə məsləhətləşmələri məqsədəuyğundur".

Oxşar xəbərlər

Son xəbərlər