Nəriman Nərimanovun anadan olmasının 156 illiyi tamam olur

Nəriman Nərimanovun anadan olmasının 156 illiyi tamam olur
Sosial 38

Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı və maarifpərvər Nəriman Nərimanovun anadan olmasının 156 illiyi tamam olur.

Nəriman Nərimanov 1870-ci ildə Tbilisidə dünyaya gəlib. O, 1890-cı ildə Qori Müəllimlər Seminariyasını, 1908-ci ildə isə Odessa şəhərində yerləşən Novorossiysk Universitetinin tibb fakültəsini bitirib.

Gənc yaşlarından xalqın maariflənməsi ideyasını əsas məqsəd kimi qarşıya qoyan Nərimanov Bakıda ilk qiraətxananın yaradılmasına təşəbbüs göstərib. Onun bu addımı cəmiyyətdə kitab oxuma vərdişinin formalaşmasına və mətbuata marağın artmasına mühüm təsir göstərib. Qısa müddətdə qiraətxanaya olan maraq artıb, müxtəlif millətlərdən olan oxucular burada toplaşıb.

Nəriman Nərimanov həm də ədəbiyyat sahəsində əhəmiyyətli iz qoyub. O, Azərbaycan ədəbiyyatında ilk romanlardan biri sayılan "Bahadır və Sona"nın müəllifi, eləcə də ilk tarixi faciə hesab olunan "Nadir şah" əsərinin yaradıcısıdır. Bundan əlavə, müxtəlif əsərləri Azərbaycan dilinə tərcümə edib və dərsliklərin hazırlanmasında iştirak edib.

Siyasi fəaliyyətində də mühüm rol oynayan Nərimanov 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasında iştirak edib və rəhbər şəxslərdən biri kimi çıxış edib. Onun rəhbərliyi dövründə milli-mənəvi dəyərlərə və ənənələrə xüsusi diqqət yetirildiyi qeyd olunur.

Nəriman Nərimanov 1925-ci il martın 19-da Moskvada vəfat edib. Onun ölümü müəmmalı hesab olunur. O, Kremlin divarları yaxınlığında dəfn edilib.

Onun xatirəsi Azərbaycanda geniş şəkildə yaşadılır. Paytaxt Bakının rayonlarından biri, bir sıra küçə və prospektlər, eləcə də abidə və muzeylər onun adını daşıyır.

Son xəbərlər