Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur

Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur
Sosial 23

Oxuduğunu anlama ilə əlaqədar ciddi pedaqoji problem var, Bakının göstəricilərində bununla bağlı geriləmə müşahidə olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

Onun sözlərinə görə, bu problem demək olar, regiona xas məsələdir:

"Azərbaycan və Bakı üzrə regionda oxu savadlılığı ilə bağlı göstəriciləri yaxşı olsa da, irəli getməyə yerimiz çoxdur. Təhsil ictimaiyyəti bunu ciddi müzakirə etməlidir. Gələn il və 2029-cu ildə bu nəticələr 500 bala çata bilməyəcək. Amma 2033-cü ildə buna nail olmaq olar. Azərbaycanda üç adamdan ikisi oxuduğunu anlamır. Bunu dedikdə, PISA tədqiqatlarının nəticələrinə istinad edirəm".

Nazir bildirib ki, Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir:

"Buna müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir".

E.Əmrullayev əlavə edib ki, bəzi bölgələrdə şagirdlərin təxminən 80 faizinin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır:

"Regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. Oxu savadlılığı aşağı olan bölgələrdə sertifikatlaşdırma imtahanlarında bu müşahidə olunub. Həmin bölgələrdə müəllimlərlə genişmiqyaslı iş aparmaq lazımdır. Xüsusilə, Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər