Naxçıvanda dabaq xəstəliyi yayılıb? - Rəsmi AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasında dabaq xəstəliyinin yayıldığı iddia olunur. Bildirilir ki, xəstəlik artıq bir çox ərazilərdə özünü büruzə verir.
Bəs görəsən, məlumat doğrudurmu? Xəstəliyin qarşısını almaq üçün hansı profilaktik tədbirlər həyata keçirilir?
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublikasında dabaq xəstəliyinin yayılması ilə bağlı təsdiqlənmiş hal qeydə alınmayıb.
Məlumatda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında epizootik vəziyyət sabitdir və tam nəzarət altındadır:
"Hər il olduğu kimi, 2025-ci ildə də təsdiq edilmiş "Epizootiya Əleyhinə Tədbirlər Planı" çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına profilaktik peyvəndləmə və digər qabaqlayıcı tədbirlər sistemli şəkildə icra olunub. Bu ilin ilk 9 ayında da iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq da daxil olmaqla, bir sıra xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib".
"Müvafiq qurumlar - Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən epizootik vəziyyətin nəzarətdə saxlanılması məqsədilə epizootoloji monitorinqlər həyata keçirilir. Şübhəli bilinən heyvanlardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna laborator müayinəyə göndərilir, risk dəyərləndirmələri aparılır. Bununla yanaşı, təsərrüfat sahibləri maarifləndirilir, ərazi üzrə baytarlıq-sanitariya normalarının icrasına ciddi nəzarət olunur.
Aparılan yoxlamalar zamanı heç bir heyvanda ölüm halı qeydə alınmayıb", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
"Bu iş o deyil ki, suvaqladın getdi" - Sürücüləri bəlaya salan məsələdə təqsirkar kimdir?
Bakıda avtomobil çuxura düşüb. Hadisə paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Ərazidə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qazın...
