Naftalanın Qasımbəyli kəndinin su təchizatı yenidən qurulub

Naftalanın Qasımbəyli kəndinin su təchizatı yenidən qurulub
Sosial 34

Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı yenidən qurulub.

BAKU.WS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən məlumat verib.

Bildirilib ki, kənd əhalisi tam olaraq içməli su ilə təmin olunub.

Bu münasibətlə Qasımbəyli kəndində mərasim təşkil olunub. Mərasimdə ADSEA-nın sədr müavini İlham Bayramov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, İcra Hakimiyyətinin və Agentliyin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Naftalan şəhərinin Qasımbəyli kəndində əhalinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Naftalan şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Bu məqsədlə 40-100 mm diametrli, 8,7 km su xətti çəkilib və 140 abonentə evə birləşməsi verilib.

Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Əlavə olaraq qeyd olunub ki, Qasımbəyli kəndinin əhalisi 438 nəfər təşkil edir ki, günlük suya olan 100 kubmetr tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam təmin etmək mümkün olacaq.

Qeyd edək ki, Naftalan şəhərinin mövcud su təchizatı Qaraçay çayında inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə verilməklə təmin edilməkdədir. Şəhər daxilində 3 meydançada su anbarı kompleksi, 2 nasos stansiyası, 43,6 km su şəbəkəsi, 39,4 km kanalizasiya şəbəkəsi, məhsuldarlığı 3 000 kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi istismar edilir.

Son xəbərlər