Müxtəlif səbəblərdən təhsili başa vurmayan şəxslərə 10 iş günü müddətində arayış veriləcək
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası təsdiqlənib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla həmçinin "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ləğv edilib.
Yeni təsdiqlənən qaydalara əsasən, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə (TMİS) "Elektron imza və elektron sənəd haqqında" qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan arayış veriləcək.
Arayışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulacaq. Arayış ali təhsil pilləsinin hər hansı səviyyəsi üzrə təhsilini başa vurmayan şəxsin EHİS-dəki elektron kabineti üzərindən müraciəti əsasında 10 iş günü müddətində hazırlanacaq.
Aşağıdakı şəxslər təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslər hesab edilirlər:
- ümumi orta və tam orta təhsil səviyyələri üzrə hər hansı sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən, yaxud yekun attestasiyada iştirak etməyən ümumi təhsil pilləsinin müvafiq səviyyələrini başa vurmamış şəxslər;
- peşə təhsili pilləsinin hər hansı səviyyəsi üzrə müvafiq ixtisasın təhsil proqramında nəzərdə tutulan tələbləri yerinə yetirməyən və ya yüksək texniki peşə təhsili səviyyəsinə uyğun tədris proqramı üzrə tələb olunan kredit miqdarını tam toplamayan, yaxud ilk peşə və texniki peşə təhsili səviyyəsi üzrə yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət alan, yaxud təhsil müəssisəsindən xaric olunan şəxslər;
- orta ixtisas təhsili pilləsinin müvafiq ixtisası üzrə təhsil proqramında nəzərdə tutulan tələbləri yerinə yetirməyən və ya qanunvericiliyə uyğun olmadan təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişən və müəssisəyə bərpa olunan və ya diplomunda, yaxud diploma əlavədə göstərilən məlumatlarla onun hüquqi əsasını müəyyən edən sənədləri uyğunsuzluq təşkil edən və ya təhsil müəssisəsindən xaric olunan şəxslər;
- ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və ya magistratura (rezidentura) səviyyəsində müvafiq ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş kreditləri toplamayan və ya qanunvericiliyə uyğun olmadan təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişən və müəssisəyə bərpa olunan və ya diplomunda, yaxud diploma əlavədə göstərilən məlumatlarla onun hüquqi əsasını müəyyən edən sənədləri uyğunsuzluq təşkil edən və ya təhsil müəssisəsindən (rezidentura səviyyəsinə münasibətdə ali tibb təhsili və elmi müəssisədən və ya Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisəsindən (bundan sonra - klinik baza) xaric olunan, eləcə də doktorantura (adyunktura) səviyyəsi üzrə normativ təhsil müddətində dissertasiyanı ilkin müzakirəyə təqdim etməyən və ya fərdi iş planını yerinə yetirməyən şəxslər.
Oxşar xəbərlər
Türk Hava Yolları İrana planlaşdırılan 17 uçuşu ləğv etdi
Türkiyədən bu gün və sabah İranın Tehran, Təbriz və Məşhəd şəhərlərinə planlaşdırılan 17 reysin ləğv olunduğunu açıqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Tü...