“Şəmkirin icra başçısı bizi Vüqarın il mərasimində ehsan verməyə qoymadı...”
17
sen
2017
11:12
Aprel döyüşlərində Şəhid olan hərbçilərimizdən biri də polkovnik Vüqar Nurəddin oğlu Yusifovdur. Biz Moderator.az kollektivi olaraq Şəhidlərimizlə bağlı yazdığımı silsilə yazılarımıza davam edirik. Bu dəfə Şəhid polkovnikimizin ailəsi ilə görüşmək üçün Sumqayıt şəhərindəki evinə yola düşdük. Bizi Şəhidimizin qaynı Kənan bəy və Şəhidimizin həyat yoldaşı Lalə xanım və uşaqları qarşıladı.Vüqar Yusifov ordumuzun Şəhid olan ən yüksək rütbəli zabitidir. Vüqar 1976-cı il noyabrın 2-də Şəmkir rayon Şiştəpə kəndində anadan olub. Şiştəpə kənd orta məktəbini bitirən Vüqar təhsil almaq üçün Türkiyəyə yollanır. Türkiyədə beş il təhsil aldıqdan sonra zabit olaraq vətənə dönür. Türkiyədə hətta mərhum prezident Süleyman Dəmirəl ona qılınc bağışlayıb. “Milli Qəhrəman adına layiq olan Vüqara Milli Qəhrəman adı verilməsə də...”Vüqar Türkiyədə təhsil almağıyla kifayətlənməyib. Azərbaycanda zabit işləyərkən ABŞ-da bir il ingilis dili və zabit kursu keçib. Bundan sonra Vüqar Pakistanda keçirilən hərbi təlimlərdə kurs keçib. Ordumuzun savadlı kadrlarından olan Vüqar xidmət etdiyi dövrdə tağım komandirliyindən briqada komandirliyinə qədər yüksəlib. Şəhid olanda isə kəşfiyyat komandiri vəzifəsində çalışıb. Aprel döyüşlərində qəhrəmncasına Şəhid olan polkovnik Vüqar Yusifov “Vətənə xidmətə görə” üçüncü dərəcəli ordeni ilə təltif edilib. Milli Qəhrəman adına layiq olan Vüqara Milli Qəhrəman adı verilməsə də, bu gün Vüqar ailəsinin və onu sevənlərin Milli Qəhrəmanıdır. “Lalə xanım Vüqarla 2004-cü ildə nişanlanıb...”Polkovnikin evində bir şkaf ancan onun şəxsi əşyalarından və fotolarından ibarət idi. Divara vurulmuş portreti isə Vüqarın hardasa olduğunu və nə vaxtsa gələcəyi ilə adamı düşündürür. Lalə xanımın başı indi övladlarına qarışıb. Çalışır ki, Vüqarın nişanələri olan Ayanı, Aytəni və üç yaşlı Yusifi vətənə layiq bir övlad kimi böyütsün. Lalə xanım Vüqarla 2004-cü ildə nişanlanıb. 2006-cı ildə toyları olub. Lalə xanım Vüqarla ailə quranda da onun hərbçi olduğunu və bütün çətinliklərə dözə biləcəyini öz üzərinə götürüb. “Mən onun təlimləri haqda heç nə bilmirdim...”“Vüqar əsl hərbçi idi. Mən evdə olurdum və onun çox işlərindən xəbərim olmurdu. Heç o, özü də evdə danışan deyildi. Vüqar 2014-cü ildə ermənilərə divan tutacaq bir əməliyyat həyata keçirmişdi. Hətta onda Vüqardan bir neçə gün idi xəbər yox idi, qohum-əqrəba mənə zəng vurub onu soruşurdu. Bir neçə gündən sonra özü gəlib çıxdı. Mən onun təlimləri haqda heç nə bilmirdim. Soruşanda da mövzunu dəyişirdi. Onun üçün qanun, qanun idi. Xəstə olanda da işdə olurdu. Təlimlərdə bir neçə dəfə sınıqları və zədələri oldu, amma o, heç vaxt hərbidən çıxmadı. Ailə qurduqdan sonra Xızının Giləzi qəsəbəsində işə başladı. Sonradan isə Bakıya gəldik. Vüqar peşəkar zabit idi, bir neçə xarici dil bilirdi. Vüqar heç vaxt məzuniyyətə çıxmırdı. Hospitalda olanda bir neçə dəfə bizə vaxt ayırıb. Vüqar bizi rayona aparanda hər bir rayonda maşını saxlayıb uşaqların şəklini çəkib rayon haqda məlumat verib sonra yola düşürdü. Vüqar evdə çox az olurdu. Ancaq işdə olurdu. Bəzən buna görə mən hətta ondan küsürdüm ki, bizə də vaxt ayırsın. Axırıncı dəfə Vüqar martın 28-də evdən çıxdı. Dedi ki, gedirəm bir həftədən sonra gələcəm. Onda arxasınca ağladım, dedim ki, getmə. Məni qapıda ağlaya-ağlaya qoyub getdi. Sonra ürəyim dözmədi zəng vurub soruşdum ki, Vüqar, işə çatdın? Dedi ki: “Hə, Lalə işdəyəm”. Sonra telefonla əladə saxlayırdıq. Deyirdi ki, beş-altı gün qalıb sonra gələcəm. Vüqar polkovnik rütbəsini mart ayında almışdı. Aprel döyüşlərində mən çox rahat idim. Bilmirdim ki, Vüqar orda olar. Hamı zəng vurub məndən Vüqarı soruşurdu. Aprelin 3-də Vüqar mənə zəng vurub telefonla danışdı. Səsi çox yorğun idi, dedim ki, Vüqar nə vaxt gələcəksən? Dedi ki, bir-iki günə gələcəm. Mənimlə danışandan sonra Vüqar aprelin 4-də səhərə yaxın Şəhid olub. Aprelin 5-də bildik ki, Vüqar Şəhid olub. (Ağlayır) Sonra burdan yığışıb Şəmkirə getdik. Çox istəyirdim ki, Vüqarı ikinci Fəxri Xiyabanda dəfn etsinlər. Amma heç kim heç nə demədi. Biz də məcbur olub Vüqarın doğulub boya-başa çatdığı Şiştəpə kəndində dəfn etdik”. Şəhidimizin üç övladı yadigar qalıb. Ayan beşinci sinifdə, Aytən isə ikinci sinifdə oxuyur. Yusifin isə üç yaşı var. Uşaqlar balaca olsalar da, atalarının Şəhid olmalarından xəbərləri var. Şəhidimizin qaynı Kənan bəy Vüqarla yeznə qayın yox, qardaş olduqlarını deyir:“Şəmkirin icra başçısı bizə Şəmkirdə Vüqarın il mərasimində ehsan verməyə qoymadı...”“Vüqar başqa insan idi. Mən bunları çox səmimi deyirəm. Biz onunla çox yaxın idik. İşinə görə vaxt olmadığına görə hər yerə məni yollayırdı. Amma bu gün Vüqarsız çətindi. Mənə dayım oğlanları onun Şəhid olması xəbərini dedilər. Gəncədə gedib Vüqarın meyitini götürdük. Burdan Gəncənin icra başçısına göstərdiyi diqqətə görə minnətdarlıq edirəm. Amma Şəmkirin icra başçısı Vüqarı rayonda dəfn etməyə qoymadı. Dedi ki, Şəhidlər Xiyabanında yer yoxdu. Sumqayıtın icra başçısı aprelin 4-də Vüqara çox yüksək səviyyədə il mərasimi təşkil etdi. Amma Şəmkirin icra başçısı bizə Şəmkirdə Vüqarın il mərasimində ehsan verməyə qoymadı. Bunların vətən yolunda Şəhid olan adama hörmətləri bu imiş. İl mərasimində qənd, pendir və çörəklə ehsan verdik”. Biz sonda Şəhid polkovnikimizin ailəsinə başsağlığı verib getmək üçün izn istədik. Şəhidimizin ailəsi onları yad etdiyimiz üçün çox sevindilər. Biz də özümüzə borc bilirik hər bir Şəhidimizin qapısını döyməyi. Biz həmişə Şəhidlərimizin və Şəhid ailələrimizin yanındayıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.BAKU.WS
Oxşar xəbərlər
Rusiyada dəhşətli yanğın: 5 nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü - ADLAR
Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda yanaraq ölən azərbaycanlı ailə üzvlərinin kimliyi məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, ai...