Azərbaycanda şəhid ailələrinə yeni güzəştlər təklif edilir

Azərbaycanda şəhid ailələrinə yeni güzəştlər təklif edilir
Sosial 1216

 

Azərbaycanda şəhid ailəsi anlayışına dəyişiklik edilir.

BAKU.WS bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı məsələ "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 1-ci maddəsinin ikinci hissəsinə təklif edilən dəyişikliyə əsasən, şəhid ailəsinin üzvü hesab edilmə halları artırılır.

Təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini bitirənədək şəhid ailəsinin üzvləri hesab edilirlər.

Hazırda qüvvədə olan həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən isə, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri bitirənədək şəhid ailəsinin üzvləri hesab edilirlər.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, "texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri" sözləri "ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini" sözləri ilə əvəz edilir.

Həmin qanunun 3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən isə, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi halları artırılır. Belə ki, təklif edilən dəyişikliyə əsasən, yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil haqqını ödəməkdən azad olunurlar.

BAKU.WS

Son xəbərlər