Maskasız olan şəxs xəstədirsə, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər - Deputat
Çox təəssüflər olsun ki, bəzi insanlarımız pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insan çoxluğu olan ərazilərdə gigiyena qaydalarına riayət və maskalardan istifadə etmirlər. Maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da, əlbəttə ki, xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüdləşdirə bilər.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, avtobusa minərkən, metropolitenə daxil olarkən üzlərinə maska taxan insanlarımız elə pilləkənlərdə, eskalatorda, yaxud vaqonda maskanı çıxarırlar. Qısamüddətli müşahidə bu dediklərimi tamamilə əsaslandıra bilər:
“Təsəvvür edin ki, karantin rejimi tamamilə götürülür və iri ticarət məkanlarında, parklarda, kinoteatrlarda insanlar maskasız gəzir, sosial məsafə qorunmur və beləliklə də pandemiyanın ikinci dalğasının başlanmaq təhlükəsi yaranır. Gigiyena qaydalarına əməl etməyən, maskadan istifadə etməyən adamların sadəcə öz səhhətlərinə etinasız yanaşması yox, həm də ətrafdakı insanların sağlamlığını riskə atmasıdır.
Bu səbəbdən də koronavirusa yoluxmaların sayının azaldılması və situasiyanın nəzarətdə saxlanması üçün dövlət qurumları mövcud qanunvericilik çərçivəsində müvafiq addımlar atmağa məcbur qalıblar. Belə ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər 50-400 manat məbləğində cərimələnəcəklər. Qayda pozuntusunun təkrarlanacağı təqdirdə belə şəxsi inzibati həbs gözləyəcək”.
“İndidən artıq sosial şəbəkələrdə cərimələrlə bağlı manipulyasiya edənlərə bildirmək istərdim ki, Azərbaycanda tətbiq olunan bu cəzalar heç də sərt deyil”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dünya ölkələrində ictimai yerlərlə yanaşı, nəqliyyatda da maskadan istifadə etmə məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir:
“Məsələn, Rusiyada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir. ABŞ-da, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollarlıq cərimə ödəməlidir. Fransada karantin regiminin pozulması 150 avro, ictimai nəqliyyatda maskasız olmaq 135-150 avro arası cərimədir.
Belçikada ictimai yerlərdə, xüsusən, ictimai nəqliyyatda maska taxmayanlar 250 avro məbləğində cərimə olunurlar. İspaniyada 300 avro qədər maskaya görə, 30 000 avro qədər karantinə görə məhkəmə qərarı ilə cərimələr tətbiq olunur. Böyük Britaniyada nəqliyyatda maskasız tutulana 25 avro məbləğində cərimə elan edilib.
İtaliyada 300-4000 avro cərimə tətbiq olunur. Eyni zamanda Almaniyanın 16 əyalətindən 15-də maska taxmaq, məsafəli davranmaq kimi qaydalar tətbiq edilib. Həmçinin maskadan istifadə etməməyə görə Sloveniya və Slovakiyada 30-150 avro, Yunanıstanda 40-150 avro və ya 6 aya qədər həbs gözləyir, Birləşmiş Ərəb Əmirliklərində cərimənin məbləği əmirliklərə görə dəyişərək 50 min dollara çatır. Təkrar pozuntuya görə 3 il həbs nəzərdə tutulub”.
Sədaqət Vəliyeva vurğulayıb ki, koronavirus dünyanın bütün ölkələrində tüğyan edən bəladır və ona etinasız yanaşmaq, o cümlədən ictimai yerlərdə və nəqliyyatda maskasız olmaq yolverilməzdir:
“Mütəxəssislər və nüfuzlu ekspertlər qlobal miqyasda koronavirus pandemiyasının ikinci dalğasının yaşandığını deyirlər. Azərbaycanda da koronavirusa yoluxmalarla bağlı son günlərin statistikası göstərir ki, ikinci dalğa ölkəmizdə yetərincə realdır. Bu səbəbdən hər bir vətəndaşımız məsuliyyətli olmalı, şəxsi deyil, ümumi cəmiyyət, dövlət maraqlarını qorumaq naminə karantin qaydalarına riayət etməlidir. Ümid edirəm ki, tətbiq edilən pandemiya cərimələri karantin qaydalarına riayət olunmanı gücləndirəcək”.
Oxşar xəbərlər
Bakıda koronavirus “bazarı” - hamı oradan evinə xəstəlik daşıyır...
Azərbaycanda koronavirusa yoluxanların sayında artım qeydə alınır. Artıq yoluxma sayı gündəlik 100 nəfərdən çox olur. Müvafiq qurumlar və eyni zamanda tibb sahə...