Maska taxmayanlar kimə arxayındır?
5 aydan çoxdur ki, dünya koronaviorus adlı gözəgörünməz bəla ilə mübarizə aparır.
BAKU.WS xəbər verir ki, Azərbaycandan fevralın sonunda etibarən yayılmağa başlayan virusa qarşı qabaqlayıcı tədbirlər görülməsi nəticəsində mart və aprel aylarında yoluxmanın miqyası böyük olmadı.
Lakin maydan etibarən karantin rejiminin yumşaldılmasından sonra küçələrdə hərəkətlilik bərpa olundu və nəticədə yoluxma sayı artdı. Virusun kütləvi şəkildə artmasında ən əsas faktor karantinin yumşaldılması yox, insanların sosial qaydalara əməl etməməsi, məsuliyyət götürməkdən imtina etmələri səbəb oldu.
Həm sosial məsafə gözlənilmir, həm də maskalardan istifadə edilmir. Bu səbəbdən artıq son günlərdə virusa yoluxmada “qırmızı xətt” keçilib. Hökumət də təcili addım ataraq yoluxmanın daha yüksək olduğu Bakı, Sumqayıt, Gəncə və Lənkəran kimi şəhərlərdə karantin rejimini yenidən sərtləşdirmək məcburiyyətində qaldı. Artıq bu həftədən etibarən həftə sonları bəzi şəxslər istisna olmaqla əhalinin küçəyə çıxması qadağan edildi. Qadağanın nə qədər qüvvədə olması isə yoluxmanın sayından və insanların sosial məsuliyyət qaydalarına əməl etməsindən asılı olacaq. Hökumət də açıqlayıb ki, yoluxmanın sayı artacağı təqdirdə karantin tədbirləri daha da sərtləşdirilə bilər.
Məsələ budur ki, yoluxmanın artmasında bu virusa inanmayanların da böyük rolu var. Çünki onlar inanmadıqları üçün nə maska taxır, nə də karantin qayadalarına əməl edirlər. Onlar arasında potensial virus daşıyıcılarının olması ehtimalı böyükdür. Ola bilər ki, immuniteti güclü olanlar virusu yüngül keçirirlər və onun simptomları həmin şəxslərdə daha az hiss olunur. Bu səbəbdən də virusa yoluxduqlarını anlamırlar. Amma onlar daşıyıcı olurlar və digərlərini rahatlıqla yoluxdururlar.
Məhz bu səbəbdəndir ki, mütəxəssislər, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və hökumət də hər kəsi karantin qaydalarına əməl etməyə çağırırlar. Çünki normalda sağlam şəxsin maska taxması təkbaşına virusun qarşısını almır. Gərək potensial virus daşıyıcısı da maska taxsın ki, sağlam birinin yoluxma ehtimalı az olsun. Əks halda virus maska istifadə edən birini rahatlıqla yoluxdura bilir.
Koronavirusa yoluxmuş şəxslərin maskadan istifadə etməməsi sağlam insanlara (maska taxan) yoluxma riskini 70%-ə kimi artırır. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Hazırlanmış infoqrafikada bildirilir ki, COVİD-19 daşıyıcısı maska taxdığı təqdirdə maska taxmayan sağlam insana virusun yoluxma faizi 5-ə düşür.
Əgər həm virus daşıyıcısı, həm də sağlam şəxs maskadan istifadə edərsə, bu zaman yoluxma ehtimalı 1,5 faizə bərabər olur.
Qeyd edək ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirlər.
Bir il ərzində bu tələblər təkrar pozularsa, fiziki şəxslər yüz manat, vəzifəli şəxslər iki yüz manat, hüquqi şəxslər isə dörd yüz manat məbləğində cərimə edilirlər.
Məsələ burasındadır ki, koronavirus insan həyatına təhlükə törədən bir bəladır. İnsan gərək öncə özü məsuliyyətli davransın ki, həyatı təhlükəyə düşməsin. Bir nəfər bu virusa yoluxduqda həm onun ailə üzvləri, həm də yaxınları da təhlükəyə düşür. Odur ki, bizlər bir-birimizin həyatı üçün də məsuliyyət daşıyırıq.
Ona görə də karantin qaydalarına əməl etmək üçün inzibati metodların işə düşməsindən öncə insan gərək özü öz həyatını qorusun. Bu olmayanda inzibat yollar işə düşür.
Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında bununla bağlı əhaliyə müraciət edib ki, biz nə qədər məsuliyyətli davransaq, o qədər daha tez virusa qalib gələcəyik və karantindən daha tez çıxacağıq. Ölkə başçısı iştirak etdiyi açılışlarda və bölgələrə səfərlərində də tibbi maskadan istifadə edərək bir örnək göstərir.
Hamı bilməlidir ki, heç kim bu gözəgörünməz bəlaya düşməkdən sığortalanmayıb. Bəs onda karantin qaydalarına əməl etməyənlər və tibbi maskadan istifadə etməyənlər kimə güvənir?
Oxşar xəbərlər
Azərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dolub!
Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Eyni zamanda ölüm sayları da yüksək olaraq qalmaqdadır. Azərbaycanda iyunun 1-də 168 y...