Maşının arxa oturacağında oturan sərnişinlər kəmərə görə 30 manat cərimələnəcəklər

Maşının arxa oturacağında oturan sərnişinlər kəmərə görə 30 manat cərimələnəcəklər
Sosial 99673

Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a açıqlamasında bildirib ki, bu məsələ qanunla tənzimlənir: "Fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Sadəcə bütün analiz və təhlillər göstərir ki, qəzalarda ən çox zərər çəkənlər – xəsarət alanlar və ya ölənlər sərnişinlər olur. Əksər hallarda yol qəzasında avtomobilin arxa tərəfinin o qədər də əzilmədiyini görürsən, amma oradakı sərnişin həyatını itirir. Niyə? Çünki zərbə zamanı arxada əyləşmiş insan önə çırpılır. Ön tərəfdə əyləşmiş sərnişin kəmər taxmayıbsa daha pis nəticələnir”.

K.Əliyev bildirib ki, sərnişinlərin kəmər taxmamasına görə əvvəllər cərimələnməməsi müəyyən qədər mentalitetlə bağlı olub: "Bir çox hallarda avtomobildə insanlar ailəvi hərəkət edəndə onlara xəbərdarlıq edilirdi. Bu barədə dəfələrlə sujetlər hazırlamışıq, müraciətlər etmişik. Yəni görürsünüz avtomobildə təhlükəsizlik kəməri var, bağlayın. Onun məsuliyyətini sürücü yalnız o halda daşıyır ki, avtomobildə təhlükəsizlik kəməri olsa da, sürücü onu çıxarsın. Bu halda sərnişini məsuliyyətə cəlb etmək olmaz. Çünki onun təqsiri deyil ki, onun yerindəki təhlükəsizlik kəmərini sürücü kəsib çıxarıb. Konstruksiyaya dəyişiklik edilməsinə, yəni təhlükəsizlik kəmərinin çıxarılmasına görə sürücü cərimə edilir və bu hallarda 150 manat miqdarında cərimə kəsilir. Lakin təhlükəsizlik kəməri varsa və sərnişin bu kəmərdən istifadə etmirsə, bunun məsuliyyətini sərnişin daşıyır. İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən həmin sərnişinlər 30 manat cərimə edilir. Ön və ya arxa oturacaq fərqi yoxdur. Bütün avtomobillərdə ön və arxa oturacaqlarda əyləşən sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulur. Mən sizə 80-ci illərin "VAZ” markalı avtomobilini də göstərə bilərəm ki, onun arxa oturacağında da sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulub. Sadəcə, bizim sürücülər onu açıb çıxardırdılar. Amma bu da qayda pozuntusudur və sürücü konstruksiyaya dəyişiklik etdiyinə görə, 150 manat miqdarında cərimə ediləcək”.

Yol polisi rəsmisi əlavə edib ki, sərnişinlər avtomobilə minərkən onlara kəmərləri taxmaqla bağlı xəbərdarlıq etmək sürücünün borcudur. Sərnişinlər tərəfindən təhlükəsizlik kəmərinin taxılmamasına görə xeyli insanın cərimələndiyini deyən K.Əliyev sürücülərin sərnişinlərin həyatına cavabdeh şəxs olduğunu vurğulayıb: "Sükan təkcə nəqliyyat vasitəsini idarə etmir. Digər hərəkət iştirakçılarının həyatı da həmin sükandan asılıdır. Sözsüz ki, hər hansı qəzadan, xoşagəlməz hadisədən kimsə sığortalanmayıb. Kimsə düşünməsin ki, mən intizamlı sürücüyəm, qaydaları pozmuram, heç vaxt qəzaya düçar ola bilmərəm. Bu, istisna haldır. Çünki başqasının təqsiri ucbatından da qəza baş verə bilər və bu zaman avtomobildəki şəxsin həyatını qoruyan elementlər olmalıdır. Təhlükəsizlik kəməri dünyada indiyədək yüz minlərlə insanın həyatını xilas edib. Ona görə də sürücü özü avtomobildəki bütün təhlükəsizlik kəmərlərindən istifadə edilməsini təmin etməlidir”.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər