KOBİA: "Startap" şəhadətnaməsi almış KOB-ların ümumi dövriyyəsi 2 dəfə artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə "Startap" şəhadətnaməsi almış kiçik və orta biznes (KOB) subyektlərinin ümumi dövriyyəsi təqribən 2 dəfə, orta işçi sayı isə 18 % artıb.
Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, "Startap" şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunur. Aparılmış təhlillərə əsasən bir sıra startaplarda biznes fəaliyyətinin genişləndiyi, məşğulluq imkanlarının artdığı müəyyən edilib.
2025-ci ildə müvafiq sənədi almış 59 KOB subyekti üzrə aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü ildəki 3,2 milyon manatdan 2025-ci ildə 6,1 milyon manata yüksələrək təxminən 2 dəfə artıb. Bu dövrdə müvafiq müəssisələrdə çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da 18 % artım deməkdir.
Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim ediblər. Bəzi startaplar yerli və xarici investorlardan sərmayələr cəlb ediblər.
Bu göstəricilər "Startap" şəhadətnaməsinin innovativ bizneslərin formalaşmasına, məşğulluğun artmasına və startapların iqtisadi fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərdiyini nümayiş etdirir.
Qeyd edək ki, "Startap" şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. "Startap" şəhadətnaməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən verilir. İndiyədək 282 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...