İranla sərhəd ərazilərdə radiasiya artmayıb - BİRGƏ MƏLUMAT

Azərbaycanın cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvanda xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə keçirilən müayinələr bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması hallarının qeydə alınmadığını göstərib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə məlumat yayıb.
Məlumata əsasən, İRİA Nüvə tədqiqatları departamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təhlükəsizlik standartları və tövsiyəedici sənədləri nəzərə alınaraq, Azərbaycanın cənub sərhəd rayonları ərazisində havada, torpaqda və çay su nümunələrində aşağıdakı radioloji parametrlər üzrə ölçmə və analizlər aparılıb.
"Nəticələrə görə, hava, torpaq, yağış və çay suyu nümunələrində Uran izotoplarının zənginləşdilmiş dəyəri, habelə heç bir süni radionuklidlər aşkar edilməyib, hava alfa və beta aktivlik dəyərləri normal fon daxilində müşahidə edilib, avtoqamma və stasionar dozimetrik ölçülərdə qamma və neytron şüalanması fon səviyyələrdə olub, təhlükəli dəyərlər qeydə alınmayıb", - məlumatda deyilir.
Qeyd olunub ki, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarətin təmin olunması məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatlaşdırılmış stansiyaları fəaliyyət göstərir. Avtomatlaşdırılmış stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır. Hazırkı müşahidələrin nəticələrinə əsasən, havada hər hansı bir radioaktiv çirklənmə faktı qeydə alınmayıb.
Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Azərbaycanın cənub sərhədyanı rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) radioloji və radioekoloji tədqiqatlar həyata keçirilməkdədir.
Oxşar xəbərlər
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi barədə RƏSMİ AÇIQLAMA
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub. BAKU.WS xəbər verir k...
