Hökumət qərar verdi: Bakıda "Xruşşovka" binaların sökülməsinə start verildi (ÜNVAN)

Hökumət qərar verdi: Bakıda Xruşşovka binaların sökülməsinə start verildi (ÜNVAN)
Sosial 42640

 

Baş nazir Artur Rasi-zadə "Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” qərar imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:

2.1. "Pilot layihə" kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.2. aparılacaq tikinti işlərinə özəl şirkətlərin vəsaitlərinin və kredit vəsaitlərinin cəlb edilməsini təşkil etsin;

2.3. tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə köməklik göstərilməsini təmin etsin;

2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə, onlara məxsus olan mənzilin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında sökülmüş binalarda olduğu mərtəbədə, 1-ci mərtəbədə olan mənzillərin əvəzinə isə 1-ci yaşayış mərtəbəsində mənzillərin ayrılmasını təmin etsin;

2.5. binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək söküləcək binalarda, o cümlədən ərazidə ayrıca yerləşən və binalara bitişik olmayan qeyri-yaşayış sahələrinin sahiblərinə müvəqqəti olaraq istifadəyə (icarəyə) verilmiş qeyri-yaşayış sahələri üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sahibkarlara, onlara məxsus olan qeyri-yaşayış sahələrinin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında qeyri-yaşayış sahələrinin ayrılmasını təmin etsin;

2.6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Bakı şəhərinin 1-ci mikrorayonu ərazisində yerləşən məktəb, uşaq bağçası, körpələr evi, xəstəxana və digər qeyri-yaşayış binalarının texniki vəziyyətini araşdırıb büdcə vəsaiti hesabına həmin binaların təmiri, yenidən qurulması və ya sökülüb yenidən tikilməsi barədə aidiyyəti üzrə təkliflər hazırlayıb 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, yeni tikiləcək binaların mühəndis xətləri ilə təminat məsələləri üzrə texniki şərtlərin ödənişsiz verilməsini və yenidənqurma aparılan ərazilərin sərhədlərinədək sahəxarici mühəndis-kommunikasiya xətlərinin tikintisinin öz vəsaitləri hesabına həyata keçirilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, tikintisi başa çatmış obyektlərin istismarına icazə verildikdən sonra, həmin obyektlərin qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatını həyata keçirsin.

5. Bu qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup yaradılsın.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

BAKU.WS

Oxşar xəbərlər

Artur Rasizadədən vacib qərar

Artur Rasizadədən vacib qərar

Azərbaycan Respublikasının Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradı...

3046 Siyasət 10:11 02 oktyabr 2016

Son xəbərlər