Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir

Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir
Sosial 4

Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov cəzasının yüngülləşdirilməsini istəyir.

BAKU.WS xəbər verir ki, Musavat.com bu barədə məlumat paylaşıb.

Onunla bərabər müxtəlif müddətlərə cəzalara məhkum olunmuş Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə də barələrindəki hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlayıblar.

Vəkilləri şikayətlərində Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarısının ödənilməsinin nəzərə alınması, barəsində daha yüngül cəza təyin olunmasını xahiş ediblər. Apellyasiya şikayətləri hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılır.

Hazırda hakim qarşısına çıxarılan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs olunublar.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Cəlal Kazımov anket məlumatlarında yanlışlıqlar olduğunu qeyd edib. O bildirib ki, anket məlumatlarında ailəli göstərilsə də, hazırda subaydır.

Məlum olub ki, Cəlal Kazımovun keçmiş həyat yoldaşı və övladları maraqlı şəxs kimi məhkəməyə müraciət ediblər. Maraqlı şəxslər üzərinə həbs qoyulan əmlakların onlara qaytarılmasını istəyirlər. Birinci instansiya məhkəməsində Cəlal Kazımovu müdafiə edən vəkil onun keçmiş həyat yoldaşı və övladlarını təmsil edib.

Araşdırma zamanı məlum olub ki, Vüsal Əlizadə və Cəlal Kazımovun vəkilləri prosesdə iştirak etmir. Vüsal Əlizadə bildirib ki, müqavilə əsasında olan vəkilindən imtina edib. O, dövlət hesabına vəkilin təyin olunmasını istəyib. Cəlal Kazımovun da vəkili ilə müqavilə bağlamadığı məlum olub. O bildirib ki, ümumiyyətlə vəkildən imtina edir və müdafiə olunmaq üçün vəkil istəmir.

Prosesə sədrlik edən hakim bildirib ki, xüsusi ilə ağır cinayətlər törədən şəxslərin hüquqlarını müdafiə etmək üçün vəkilin təyin olunması məcburidir. Hər iki təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan ilkin baxış iclasının keçirilməsinə etiraz etməyiblər. Digər təqsirləndirilən şəxslər və onların da vəkilləri prosesin davam etdirilməsini istəyiblər.

Yerində müşavirə keçirən hakimlər təqsirləndirilənlər Cəlal Kazımov və Vüsal Əlizadənin vəkili iclasda iştirak etmədiyi üçün ilkin baxış iclasının təxirə salınması qərarını veriblər. Qərarla hər 2 təqsirləndirilən şəxs vəkillə təmin olunacaq.

Nizami Məmmədovun vəkilləri onun cəzasının yüngülləşdirilməsini istəyirlər. Xahiş edirlər ki, apellyasiya instansiyasında şikayətlərinə baxılarkən Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsi nəzərə alınsın. Digər təqsirləndirilən şəxslərin də vəkilləri müvəkkillərinin cəzalarının yüngülləşdirilməsini xahiş edirlər.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Proses fevralın 17-də davam edəcək.

Son xəbərlər