Ermənistanda vəziyyət gərginləşib: Kilsə ilə kim manipulyasiya edir?

Ermənistanda vəziyyət gərginləşib: Kilsə ilə kim manipulyasiya edir?
Siyasət 36

"Paşinyanın kilsə ilə mübarizəsi ən kritik həddə çatıb. Hətta II Qareginin istefası tələb olunur. Ermənistanda tamamilə yeni kilsənin yaradılacağı ilə bağlı fərziyyələr də var.

Bütün baş verənlər Ermənistan ictimaiyyətini parçalayıb. Dini inanclı təbəqənin hakimiyyətə aqressiyası daha da artıb və Paşinyanın impiçment məsələsi gündəmdədir".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, assimilyasiya təhdidi ilə üz-üzə qalan erməni diasporu, əsasən, müxalifəti dəstəkləyir:

"Revanşistlər isə Rusiyanı əsas qarant kimi görməkdə davam edirlər. Doğrudur, baş nazir Paşinyan da hakim partiyanın son qurultayında Ermənistanın Rusiya ilə münasibətləri möhkəmləndirmək yolu tutacağını söyləyib. Amma bu yanaşmanın səmimiliyinə hətta Moskvada belə inananlar çox deyil. Kremlin Ermənistanda kilsə vasitəsilə formalaşdırdığı təsir dairəsi ciddi şəkildə daralıb".

"Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmağa, Cənubi Qafqazda sülh şəraitində qonşularla münasibətlərin yenidən qurulmasına, Rusiyadan asılılığın aradan qaldırılmasına yönələn yeni strategiyası isə Qərb tərəfindən dəstəklənir. Ermənistanın Qərb tərəfdaşları ilə yaxınlaşması Rusiyanın manevr imkanlarını məhdudlaşdırıb", - parlamentari vurğulayıb.

Müsahibimizin sözlərinə görə, istənilən halda bu transformasiyanın özü ilə sabitlik gətirib-gətirməyəcəyi Paşinyan hökumətindən asılıdır:

"Belə ki, Ermənistanın siyasi sabitlik əldə etmək üçün yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, ərazi iddialarından əl çəkmək, kommunikasiyaların açılması istiqamətində praktik addımlar atmaqdır. Əks halda, siyasi və iqtisadi təcrid Ermənistanı forpostluqdan xilas edə bilməyəcək".

Son xəbərlər