Harada istirahət daha ucuz başa gəlir? - Abşeron çimərlikləri və bölgələrimizdəki QİYMƏTLƏR
İsti və qızmar yay günlərində insanların ən çox üz tutduğu məkanlardan biri də çimərliklərdir. Vətəndaşların istirahəti onlar üçün nə qədər maraqlıdırsa, onu təşkil etmək üçün lazım olan vəsait də o qədər maraqlıdır. Hər bir şəxs öz büdcəsi daxilində ailəsi və yaxınları ilə istirahətə yollanır. Bəs görəsən səyahətsevərlərin istirahətini təmin etmək üçün bir çox xidmətlərlə dəridən-qabıqdan çıxan kurort mərkəzləri büdcəyə və cibə uyğundur?
BAKU.WS xəbər verir ki, paytaxt sakinlərinin böyük əksəriyyəti Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrindəki çimərlik mərkəzlərində dincəlməyə üstünlük verirlər.
"Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov BAKU.WS-ə açıqlamasında çimərliklərə yaxın ərazilərdəki otellərdə adambaşına istirahətin qiymətinin 50-150 AZN aralığında olduğunu qeyd edib:
“Otellərin qiyməti onların ulduzluluq səviyyəsinə görə dəyişir. Bir nəfər üçün qiymət 50-150 AZN-dir. Bura oteldirsə, aquaprakdan, dənizdirsə, çimərlikdən istifadə, oteldə qalma, gündə 3 dəfə qidalanma və başqa paketlər də daxildir. Vətəndaşların koteclərdə istirahəti isə ərazilərdən asılı olaraq 40-90 AZN aralığında dəyişir".
Əhməd Qurbanovun sözlərinə görə, çimərliklərin kənarlarında olan Abşeron regionundakı bağ evlərinin aylıq kirayəsi isə minimum 500 AZN-dən maksimum 3000 AZN-ə qədərdir. Günlük kirayə 100-150 AZN, daha yaxşı şəraitli bağ evlərinin günlük qiyməti isə 200-300-500 AZN arasında dəyişir.
Gərgin iş rejimindən sonra həftəsonunu və ya məzuniyyətini şəhərin səs-küyündən uzaqda təşkil edənlər də az deyil. Bəziləri bunun üçün ölkəmizin şimalında, bəziləri isə cənubunda yerləşən istirahət turizm mərkəzlərini seçirlər.
Turizm ekspertlərinin sözlərinə görə, şimal bölgəsində dincəlmək istəyənlər adambaşına 150-200 AZN-dən keçməlidirlər. Bu barədə ekspert Rəhman Quliyev BAKU.WS-ə açıqlamasında bildirib:
"Şimal bölgəsindəki otellərdə səhər yeməyi daxil 4 ulduzlu otellərin qiyməti 100 AZN-dən başlayır. Qəbələ-İsmayıllı bölgəsində 5 ulduzlu otellərin qiyməti 150-200 AZN, 4 ulduzlu otellərinki isə 100-150 AZN-dən başlayır. Buraya səhər yeməyi və otelin daxilindəki fitness-spa mərkəzindən istifadə də daxildir.
Zaqatala-Qax-Balakən bölgəsində 5 ulduzlu otellər 100-150 AZN, 4 ulduzlu otellər 80-150 AZN-dir. Bu paketə də səhər yeməyi və otelin daxilindəki fitness-spa mərkəzindən istifadə daxildir".
Ekspert onu da bildirib ki, Nabran istirahət mərkəzində 5 ulduzlu otellərin adambaşına qiyməti 120-150 AZN aralığındadır. Buraya bir gün oteldə gecələmə, “All inclusive” (gündə 3 dəfə yemək konsepti) daxildir.
Ölkəmizin cənubunda dincələnlər isə burada müalicəvi sanatoriyalardan və termal xarakterli müalicəvi prosedurlardan yararlana bilirlər. Buna görə də 5 ulduzlu otellər adambaşına 250-300 AZN-dən başlayır. Buna gündə 3 dəfə qidalanma da daxildir. Lerik və Masallıda 4 ulduzlu otellər 80-100 AZN-dir. Buraya sadəcə səhər yeməyi daxildir.
Bəzən bölgələrə üz tutanlar ailəsi və yaxınları ilə birlikdə bağ evlərində dincəlməyə üstünlük verirlər. Bu səbəblə də Rəhman Quliyev şimal və cənub bölgələrimizdəki bağ evlərinin qiymətlərini də açıqlayıb.
Onun sözlərinə görə, Quba-Qusar-Qəbələdə 3-4 yataqlı villanın bir günlük kirayəsi 100-150 AZN, aylıq kirayəsi isə 1500-2500 AZN təşkil edir. Buraya sadəcə bağ evindən istifadə daxildir.
Zaqatala-Qax-Balakən bölgəsində, o cümlədən cənub bölgəsində belə malikanələrin bir günlük kirayəsi 70-80-100 AZN-dir.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...