Gözlənilən "partlayış" olmadı: uşaqlar sabah nə edəcəklər? - REPORTAJ

Gözlənilən partlayış olmadı: uşaqlar sabah nə edəcəklər? - REPORTAJ
Foto
Sosial 1303

Hər il valideynlərin məktəblə bağlı qayğıları sentyabr ayının əvvəlindən başlayırdısa, bu tədris ili onlar övladlarını məktəbə göndərmək üçün yanvar ayında alış-verişə çıxmaq məcburiyyətində qalıblar. Buna səbəb isə pandemiya ilə əlaqədar məktəblərdə mərhələli əyani təhsilin tədris ilinin ikinci yarımilindən bərpa edilməsidir.

Artıq sosial platformada valideynlərin məktəbli formaları ilə bağlı narahatlıq dolu fikirlərinə rast gəlinir. Kimisi bu il pandemiyaya görə məktəblər bağlandığından övladına ümumiyyətlə məktəbli forması almadığını deyir, kimisi də aldığı formanın uşağının əyninə gəlmədiyindən şikayətlənir.

Sputnik Azərbaycan məktəbli forması bazarında formalara tələbatı, qiymətləri araşdırıb. Bakı Tikiş Evinin (BTE) əsas satış mərkəzi açıq olsa da, valideynlərə rast gəlmədik. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov açıqlamasında bildirib ki, məktəblər fevralın 1-dən açılmalı olsa da, hələ ki, valideynlər məktəbli forması almağa tələsmirlər: "Məktəbli forması satışda kifayət qədərdir. Amma alıcı, demək olar ki, yox səviyyəsindədir. Dünən cəmi beş ədəd məktəbli forması satmışıq".

E.Əzimov deyir ki, məktəbli formalarının qiymətində heç bir dəyişiklik olmayıb: "I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26-dan 54 ölçüyədək 8 manatdır".

Şöbə müdiri bildirir ki, yuxarı siniflərdə də dərslər bərpa olunarsa, onlar üçün də kifayət qədər məktəbli forması var: "Hələ satışda olanlar satılmayıb. Bizim lazımi qədər parçamız var. Əgər tələbat olarsa, tikilib satışa qoyulacaq".

E.Əzimovun sözlərinə görə, məktəbli formaları bu il ancaq BTE-nin bir əsas satış mərkəzində satılacaq. Digər mağazalar isə pandemiyaya görə fəaliyyət göstərmir.

Digər satış yerlərində də məktəbli formalarına elə də böyük tələbat müşahidə olunmur. Bayıl qəsəbəsində geyim mağazasının satıcısı Mahmud Ömərov açıqlamasında bildirib ki, bir neçə gündür məktəbli formalarını satışa çıxarsa da, cəmi 12 dəst sata bilib: "Belə görünür ki, valideynlərin çoxu uşağını məktəbə göndərməyəcək. Göndərənlər isə ancaq ağ köynək alır. Məktəbli forması dəstinə, demək olar ki, tələbat yoxdur. Çünki hələ heç kəs bilmir ki, məktəblər nə vaxtadək fəaliyyət göstərəcək".

Valideynlərin çoxu isə uşağını ötən tədris ili aldığı məktəbli forması ilə dərsə göndərəcəyini söyləyir. Valideyn Günel Salmanova deyir ki, üç övladından biri ibtidai sinifdə təhsil alır. Amma ona da məktəbli forması almaq niyyətində deyil: "Ötən ildən forma almışam. Ətəyi bir az qısalsa da, onu geyindirəcəyəm. Uşağa məktəbə görə ancaq ayaqqabı almaq fikrindəyəm. Çünki hələ bilmirəm, məktəbdə dərslər nə vaxtadək keçiriləcək".

Son xəbərlər