"Glow Girls" təşəbbüsü: Yaradıcılıqdan real həllə – tələbələrin sosial məsuliyyət layihəsi

Glow Girls təşəbbüsü: Yaradıcılıqdan real həllə – tələbələrin sosial məsuliyyət layihəsi
Sosial 134

Ülkər Əhmədzadə

Frankfurt (Oder) – Cəmi 10 avro ilə real bir sosial problemi həll etmək mümkündürmü? Avropa Universiteti Viadrina-da keçirilən Creativity and Entrepreneurship adlı fənn çərçivəsində tələbələr bu suala praktiki cavab veriblər.

Layihə çərçivəsində tələbə qızlar üçün axşam saatlarında təhlükəsiz və sərfəli nəqliyyat xidməti yaradılıb. Glow Girls təşəbbüsü məhz bu şəkildə meydana gəlib.

Frankfurt (Oder) şəhərində axşam saatlarında ictimai nəqliyyatın məhdud fəaliyyəti və qadınların gecə vaxtı evə qayıdarkən yaşadığı təhlükəsizlik hissi bu layihənin əsas motivasiya mənbəyi olub.

"Glow Girls" xidməti "WhatsApp" üzərindən təşkil olunub, hər bir gediş üçün cəmi 2 avro ödəniş tələb edilib və yalnız qadın tələbələr tərəfindən həyata keçirilib. Xidmət qısa müddət ərzində təşkil edilib və xüsusilə böyük kampus tədbirləri zamanı geniş istifadə olunub.

Bu layihəni fərqləndirən əsas məqam təkcə ideyanın özü deyil, həm də onun formalaşdığı tədris mühitidir. Creativity and Entrepreneurship fənni ənənəvi mühazirə formatlarından fərqlənir.

Dərslər auditoriyada deyil, açıq, yaradıcı və çevik şəkildə təşkil olunur. Tələbələr komandalar şəklində işləyir, həftəlik təqdimatlar hazırlayır və öz ideyalarını həyata keçirmək üçün real imkanlar qazanırlar.

Qiymətləndirmə sistemi də fərqlidir. İmtahanlar əvəzinə tələbələrin fəaliyyətləri, layihələri və təqdimat bacarıqları əsas götürülür.

Həftəlik dəyişən qrup tərkibləri, əlavə bonus tapşırıqlar və fərdi alternativlər tələbəyə özünü göstərmək üçün geniş imkanlar yaradır.

Bu yanaşma tələbənin yalnız nəzəri deyil, şəxsi və sosial inkişafına da yönəlmiş bir sistem təqdim edir.

"Glow Girls" təşəbbüsü sadəcə bir layihə deyil. Bu təşəbbüs göstərir ki, universitet təhsili bilik verməklə yanaşı, real həyatda müsbət təsir yaratmaq gücünə də malikdir.

Layihənin gələcəkdə davam edib-etməyəcəyi hələ məlum deyil. Amma artıq o, tələbələrə nələrə qadir olduqlarını göstərib və ətraf mühitdə müsbət dəyişikliklər yaratmaq üçün bir nümunə olub.

Əlavə olaraq qeyd olunmalıdır ki, bütün tələbə qruplarının əldə etdiyi gəlir birləşdirilərək Passo Fundo adlı tələbə təqaüd proqramına ianə edilib. Bu məqam tələbələrin sosial məsuliyyət duyğusunu və kollektiv həmrəyliyini bir daha nümayiş etdirir.

Son xəbərlər