FHN çimərliklərdə monitorinqlər keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümünə hazırlıqla bağlı monitorinqlər keçirib.
BAKU.WS xəbər verir ki, tədbir zamanı media nümayəndələri Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki çimərlikdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə tanış olublar.
Sularda təhlükəsizlik tədbirləri ilə bağlı media mənsublarına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür. Belə ki, cari ilin may ayından etibarən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib.
Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və nəzarətsiz çimərlik ərazilərin müəyyən edilməsi və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olub.
Bununla yanaşı, Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir.
Bütün təhlükəsizlik tədbirləri iyun ayının15-dək yekunlaşacaq və həmin vaxtdan etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Hazırda FHN tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri davam etdirilir.
Xidmətin şöbə rəisi Akşin Əlili media vasitəsilə vətəndaşlara müraciət edərək bildirib ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyindən və belə yerlərdən istifadənin təhlükəli olduğundan xəbər verir. Həmçinin, diqqətə çatdırılıb ki, xüsusən bölgələrdə uşaq və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq çimərlik üçün nəzərdə tutulmayan suvarma kanallarından, suni göllərdən, çaylardan, su arxlarından istifadəsi hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.
Qeyd edilib ki, bu tip su hövzələrinin mürəkkəb relyefə, surətli axına, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Odur ki, diqqətli olmalı, uşaq və yeniyetmələri belə su hövzələrinin istifadəsindən çəkindirmək lazımdır.
"Çimərliklərdə diqqət yetirilməli məqamlardan biri də hava şəraitidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 m-dən artıq olduqda və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir", - vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
Teymur Musayev: "Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil"
"Türk dövlətləri arasında onkologiya sahəsində əməkdaşlıq güclənir". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Türk Dövlətləri Tə...
