"Eyvana çıx" layihəsi çərçivəsində canlı muğam konserti keçirilib-FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində salınmış yeni yaşayış kompleksində Azərbaycan Televiziyasının təşkil etdiyi “Eyvana çıx” konsert proqramı keçirilib.
Bu barədə Kəlbəcər rayonundan məcburi köçkün, müəllim Bəxtiyar Zamanov BAKU.WS-ə deyib.
Aprelin 29-da günorta vaxtı qəsəbədəki binalardan birinin eyvanından ətrafa xoş musiqi sədaları yayılıb.
Karantin rejimi dövründə həftədə üç dəfə canlı yayımlanan və geniş tamaşaçı rəğbəti qazanmış “Eyvana çıx” layihəsinin bu dəfəki iştirakçıları xalq mahnıları və muğamlarımızın mahir ifaçısı, əməkdar artisti, Ağdam rayonundan məcburi köçkün Təyyar Bayramov və oğlu Kənan olublar.
Onları tarda Elnur İbrahimov, kamançada Niyaməddin Allahverdiyev müşayiət ediblər.
Konsert Kənanın ifasında “Bayatı Şiraz” muğamından bir parça ilə başlayıb.
Sonra Təyyar Bayramov bir neçə xalq mahnısı ifa edib. Kənan “Qarabağ” mahnısı ilə tamaşaçıları xəyalən doğma torpaqlara aparıb. Konsertdə kompleksdə məskunlaşmış bir gəncin də ifası dinlənilib.
Bir saatdan çox davam edən konsert onu öz eyvanlarından izləyən məcburi köçkünlərdə sevinc hissi, xoş təəssürat yaradıb.
Onlar xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.
Dövlət Komitəsi, ölkədə tətbiq olunan xüsusi karantin rejimində geniş populyarlıq qazanmış “Eyvana çıx” konsert proqramının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində təşkil etdiyinə görə, Azərbaycan Televiziyasına minnətdarlıq bildirib.
Xatırladaq ki, Kürdəxanıda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ötən ilin aprelində istifadəyə verilib.
Buradakı doqquzmərtəbəli 15 binada 810 məcburi köçkün ailəsi yerləşdirilib.
Kompleksdə məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları var.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...