Ən bahalı torpaqlar haradadır? - Regionlar üzrə qiymət fərqləri
"Regionlarda torpaq bazarında da qiymət artımı müşahidə olunur. Hazırda ən bahalı torpaq sahələri turizm və iqtisadi aktivliyin yüksək olduğu şəhərlərdə qeydə alınır".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, Sumqayıtda bir sot torpağın qiyməti orta hesabla 60-70 min manat, Gəncədə təxminən 50 min manat, Lənkəranda 35-40 min manat, Zaqatala və Qəbələdə 25-30 min manat civarında dəyişir:
"Quba və Xaçmazda bu göstərici əsasən 15-20 min manat, Naxçıvanda isə 30-35 min manat səviyyəsindədir.
Bu şəhərlərdə qiymətlərin yüksək olmasının əsas səbəbləri turizmin inkişafı, infrastruktur layihələri, yeni yaşayış komplekslərinin və kommersiya obyektlərinin tikintisi, eləcə də dövlət investisiyalarıdır. Məhz bu amillər torpaq bazarının investisiya cəlbediciliyini artırır və qiymətləri yuxarı çəkir.
Bununla yanaşı, daha zəif inkişaf etmiş rayonlarda da torpaq sahələrinin bahalaşması davam edir. Bu proses əhalinin artması, iqtisadi aktivliyin genişlənməsi, torpağın etibarlı investisiya aləti kimi qəbul olunması və daşınmaz əmlaka marağın yüksəlməsi ilə əlaqədardır".
AQC sədri əlavə edib ki, son illərdə ən ciddi qiymət artımı kənd təsərrüfatı təyinatlı torpaqlarda müşahidə edilir:
"Son beş ildə bir çox bölgədə əkin sahələrinin dəyəri 200-250 faizədək yüksəlib. Bu artım kənd təsərrüfatına yatırımların çoxalması, torpaqlara tələbin yüksəlməsi və iri aqrar layihələrin həyata keçirilməsi ilə bağlıdır.
Ümumilikdə, rayonlarda torpağın bir sotunun qiyməti əksər ərazilərdə 3-5 min manat arasında dəyişir. Bəzi rayonlarda 7 min manatlıq təkliflərə də rast gəlinir. Lakin turizm potensialı və iqtisadi aktivliyi yüksək olan rayon mərkəzlərində qiymətlər artıq beşrəqəmli həddə çatıb. Xüsusilə inzibati mərkəzlərə, parklara, istirahət zonalarına, hotellərə və əsas magistral yollara yaxın ərazilərdə bir sot torpaq üçün 10-15 min, bəzi hallarda isə 20 min manatdan artıq vəsait ödəmək lazım gəlir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma işlərin...