Emin Əmrullayev: "Mənim birinci sinif kitablarım indiki dərsliklərdən daha ağır idi"

Emin Əmrullayev: Mənim birinci sinif kitablarım indiki dərsliklərdən daha ağır idi
Video
Sosial 82

"Mənim birinci sinif kitablarım indiki uşaqların kitablarından daha ağır idi".

BAKU.WS xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsi zamanı şagird çantalarının ağırlığı probleminə toxunarkən deyib.

Nazir problemin həllində yalnız Nazirliyin deyil, valideynlərin və müəllimlərin də məsuliyyət daşıdığını bildirib.

Emin Əmrullayev hesab edir ki, çantaların ağırlığı problemi yalnız təhsilin məzmunu ilə bağlı deyil, həm də kənar amillərin təsiridir:

"Bəzi siniflərdə bizim Elm və Təhsil Nazirliyinin heç də tövsiyə etmədiyi, dərs proqramının bir hissəsi olmayan dərs vəsaitlərini də şagirdlər məktəbə gətirirlər. Bu yalnız Nazirliyin günahı deyil. Sualın cavabını Nazirlikdə axtarmaq da doğru deyil. Bu gün həmin çantanı yükləyən tərəf Nazirlik deyil deyə düşünürəm".

O vurğulayıb ki, Nazirlik dərsliklərin çəkisini azaltmaq üçün artıq addımlar atıb: "Biz onu etmişik ki, əvvəllər dərsliklər birillik hazırlanırdısa, hazırda bunlar yarımillik hazırlanır. İbtidai sinif səviyyəsində səhv etmirəmsə, bir dərsliyin çəkisi təxminən 270-300 qram arasında dəyişir".

Nazir çantaların ağırlığı problemini ictimai problem adlandırıb və onun həllində hər kəsin iştirakının vacibliyini bildirib: "Bu problem hər birimizin problemidirsə, bunu hər birimizin iştirakı ilə həll edə bilərik. Burada valideynin də, müəllimin də rolu var".

Son xəbərlər