Əlillik dərəcələrinin qanunsuz təyini ilə bağlı rüşvət işində təqsirləndirilən şəxs məhkəməyə verilib

Əlillik dərəcələrinin qanunsuz təyini ilə bağlı rüşvət işində təqsirləndirilən şəxs məhkəməyə verilib
Sosial 84

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Könül Zakir qızı Əliyevanın "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX)" publik hüquqi şəxsin (PHŞ) Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verməsi barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" PHŞ-dən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Könül Əliyevanın sözügedən vəzifədə işləyərkən həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun köməyi ilə qanunsuz olaraq əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar saxta məlumatların müvafiq elektron informasiya sisteminə yerləşdirilməsi müqabilində ona müraciət etmiş çox sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlət büdcəsinə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Könül Əliyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar rüşvətalma) və 313 (vəzifə saxtakarlığı), İltizam Əzimova isə həmin məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik), 32.5, 311.3.2 (təkrar rüşvətalmaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı dövlət büdcəsinə dəymiş ziyanın isə qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər