Əfv institutunun bərpası: Tarixin ən böyük amnistiya təşəbbüsündə Zəfər izi

Əfv institutunun bərpası: Tarixin ən böyük amnistiya təşəbbüsündə Zəfər izi
Sosial 69

Prezident İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsü humanist addım olmaqla bərabər, ölkənin ictimai-siyasi həyatı üçün də mühüm hadisədir. Bu cür təşəbbüslər Azərbaycan vətəndaşına verilən dəyərin, cəmiyyətdəki birlik və bərabərliyin qorunmasına göstərilən diqqətin daha bir nümunəsidir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Tarixi Zəfərimizin beşinci ilində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev minlərlə ailənin sevincinə səbəb olacaq daha bir təşəbbüslə çıxış edib. Dövlət başçısı amnistiya təşəbbüsünü irəli sürüb. Bu təşəbbüsün əsasında suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğu, humanizm və mərhəmət ənənələrinə sadiqlik, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyəti kimi mühüm məqamlar dayanır.

Kimlərə şamil ediləcək?

Amnistiya aktına əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, sənədə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Tarixin ən böyük amnistiya aktı

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində elan olunan bu amnistiya aktı Prezident İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə elan edilmiş analoji təşəbbüslər arasında əhatə dairəsinə görə ən böyüyüdür.

Bundan öncəki amnistiya aktlarını əsasən:

- Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanıntəşəbbüsü ilə 2007-ci il mayın 8-də Milli Məclis Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Amnistiya aktını qəbul edib. Bu, 9 000 nəfərə şamil edilib;

- Milli Məclis 2009-cu il martın 17-də Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar Amnistiya aktını qəbul edib. 9 000 məhbusa tətbiq olunub;

- Mehriban Əliyevanın təşəbbüsü ilə milli həmrəyliyin gücləndirilməsi məqsədilə Milli Məclis 2013-cü il 7 may tarixində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Amnistiya aktını qəbul edib. 10 040 nəfərə şamil edilib;

- Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika günü münasibətilə 2016-cı ildə amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10 868 nəfərə şamil olunub;

- Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Milli Məclis Amnistiya aktı qəbul edib. Amnistiya aktından 15 000-ə yaxın şəxs faydalanıb;

- Prezident İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə 2021-ci ildə Amnistiya aktı qəbul edilib. Amnistiya aktı 17 267 şəxsə şamil olunub.

Əfv institutunun bərpası

Bəli, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edir. Dövlətin humanizm siyasətinin əsasını təşkil edən əfv və amnistiya ənənəsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Lider tərəfindən 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanı imzalanmaqla ölkəmizdə əfv institutu bərpa edilib. 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3 104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunub. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş yeddi amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşub. 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnib.

Amnistiya təşəbbüsündə Zəfər izi

"Konstitusiya və Suverenlik İli" çərçivəsində elan olunan növbəti amnistiya aktı Prezident İlham Əliyev tərəfindən humanizm dəyərlərinin ən ali səviyyədə diqqətdə saxlanıldığını göstərir. Sözügedən amnistiya aktı xüsusi əhəmiyyət daşıyır. Çünki onun əhatə dairəsində məhz Vətən uğrunda müharibədə, suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasında iştirak etmiş şəxslərin, bu uğurda canlarını fəda edən şəhidlərimizin yaxınlarının xüsusi olaraq vurğulanması şəhid və qazi ailələrinə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Məhz bu səbəbdən amnistiya cəmiyyət üçün ikiqat sevinc mənbəyidir.

Prezident İlham Əliyev tərəfindən atılan bu addım böyük humanist təşəbbüs olmaqla bərabər, ölkənin ictimai-siyasi həyatı üçün də mühüm hadisədir. Çünki bu cür təşəbbüslər Azərbaycan insanına verilən dəyərin, cəmiyyətdəki birlik və təşəbbüsün qorunmasına göstərilən diqqətin nümunəsidir. Milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin davamıdır. Həmçinin amnistiya aktı dövlətin həm də bağışlamaq iradəsini ortaya qoyur. Törətdiyi əməldən nəticə çıxaran, peşmançılıq hissi keçirən şəxslər üçün yeni bir imkan, yeni ümid yaradır. Cəmiyyətdə hökm sürən həmrəyliyi, milli birliyi, vahidliyi daha da gücləndirir.

Son xəbərlər