Dərs və iş saatlarını dəyişmək Bakıda SIXLIĞI AZALDA bilər - EKSPERT
Dünyada böyük şəhərlərdə pik saat sıxlığının azaldılması üçün müxtəlif modellər tətbiq olunur. Bir çox ölkələrdə dərs və iş saatlarının fərqləndirilməsi, eləcə də qurumların mərkəzdən kənara köçürülməsi nəqliyyat yükünü azaltmaq üçün istifadə edilən əsas alətlərdəndir.
Məsələn, Finlandiya və İsveç kimi Skandinaviya ölkələrində məktəblərin başlama saatları regiondan asılı olaraq dəyişir və bir çox universitetlərdə çevik cədvəl tətbiq olunur. Dövlət və özəl sektorda isə "fleksibil iş saatları" geniş yayılıb - əməkdaşlar işə 07:00–10:00 aralığında başlaya bilirlər. Bu isə pik saat yükünü gün ərzində bölüşdürməyə imkan verir.
Almaniyada bəzi federal torpaqlarda məktəblər fərqli vaxtlarda dərsə başlayır, universitetlərdə isə dərs cədvəlləri blok sistemi ilə qurulur. Eyni zamanda iri şəhərlərdə dövlət qurumlarının bir hissəsi mərkəzdən kənar inzibati zonalara köçürülüb.
Asiyada isə Yaponiya və Cənubi Koreya kimi ölkələrdə pik saat problemi səbəbindən bəzi şirkətlər mərhələli işə başlama sistemi tətbiq edir. Xüsusilə Tokioda dövlət qurumlarına iş saatlarını fərqli aralıqlarda başlatmaq tövsiyə olunub. Məqsəd metro və avtobuslarda eyni saatda yaranan kəskin sıxlığın qarşısını almaqdır.
Bəzi ölkələrdə universitet dərsləri ənənəvi iş saatlarından daha gec başlayır. Məsələn, ABŞ-də bir çox ali məktəbdə dərslər 09:30–10:00 radələrində start götürür, bəzi kolleclərdə isə axşam dərsləri geniş yayılıb. Bu da tələbə axınının səhər pik saatına tam düşməsinin qarşısını qismən alır.
Azərbaycanda isə semestr tətili dövründə ictimai nəqliyyatda müşahidə olunan nisbi rahatlıq mövzunu yenidən gündəmə gətirib. Tələbələrin dərsdə olmadığı günlərdə metro və avtobuslarda sıxlığın azalması göstərir ki, dərs və iş saatları əsasən eyni zaman intervalına düşür.
Təhsil eksperti Rizvan Fikrətoğlu məsələ ilə bağlı BAKU.WS-ə bildirib ki, dərs saatlarının iş saatlarından fərqli təşkili daha məqsədəuyğun olardı:
"Əgər ali və orta ixtisas təhsili müəssisələrində dərslər bir qədər gec və ya mərhələli şəkildə başlasa, bu, səhər pik saatındakı sıxlığı əhəmiyyətli dərəcədə azalda bilər. Dünya təcrübəsində bunun effektiv nəticələr verdiyini görürük."
Ekspert hesab edir ki, problem təkcə dərs saatları ilə bağlı deyil. Onun sözlərinə görə, bəzi dövlət və özəl qurumların şəhərin mərkəzində cəmləşməsi də nəqliyyat yükünü artırır:
"Əgər iri qurumların bir hissəsi mərkəzdə sıxlıq olan ərazilərdən daha az yüklənmiş ətraf zonalara köçürülsə, şəhərdaxili axın balanslaşar."
R.Fikrətoğlu ictimai nəqliyyatla bağlı da təkliflər səsləndirib. O bildirib ki, paytaxtda avtobus zolaqları çəkilsə də, avtobusların sayının azlığı və intervalların uzun olması sərnişin sıxlığını artırır:
"Avtobus zolaqlarının olması müsbət addımdır. Amma xətt üzrə avtobus sayı kifayət qədər deyil, interval böyükdür. Ekspres marşrutların artırılması və pik saatlarda əlavə reyslərin təşkili sıxlığı xeyli azalda bilər."
Mütəxəssislərin fikrincə, dərs və iş saatlarının mərhələli təşkili, qurumların desentralizasiyası və ictimai nəqliyyatın gücləndirilməsi paralel şəkildə həyata keçirilərsə, paytaxtda pik saat problemi nəzərəçarpacaq dərəcədə azala bilər. Semestr tətilində müşahidə olunan nisbi rahatlıq isə göstərir ki, düzgün planlaşdırma ilə mövcud yükü balanslaşdırmaq mümkündür.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Çin avtomobili almaq istəyənlərin DİQQƏTİNƏ! Qiymətlər bu qədər ARTACAQ
Son aylarda Çindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur. Avtomobil bazarındakı dinamika göstərir ki, əvvəlki illərlə müqayisədə i...