Dərman təminatı ilə bağlı YENİLİK! "Pozitiv siyahı" formalaşdırılacaq
Dərman təminatı ilə əlaqədar vacib yeniliklərdən biri də "Pozitiv siyahı"nın formalaşdırılmasıdır.
BAKU.WS xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə bildirib.
O bildirib ki, pozitiv siyahı icbari tibbi sığorta hesabına ödəniləcək dərmanların rəsmi siyahısıdır və bu siyahının ilkin mərhələsi hazırlanır:
"Bildirək ki, siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar - təsiredici maddə, dozalar, kompensasiya faizləri rəsmi saytımızda dərc olunacaq.
Məlumat üçün qeyd edim ki, ilk etapda siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan qan təzyiqini salmaq üçün dərmanlar daxil edilib. Bu dərmanların dəyərinin tam şəkildə və ya müəyyən hissəsinin sığorta fondu tərəfindən qarşılanması nəzərdə tutulur.
Eyni zamanda, dərmanların siyahıya daxil edilməsi üçün lazım olan meyarlar da təsdiqlənib. Bunun üçün dərman dövlət reyestrində qeydiyyatdan keçmiş olmalıdır, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməlidir, qiyməti dövlət tərəfindən tənzimlənmiş olmalıdır və ən önəmlisi sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır.
Dərmanların təyinatı üçün əsas mexanizm olaraq elektron resept sistemi müəyyən edilib. Elektron reseptlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat bazası ilə inteqrasiyası üzrə texniki işlər artıq aparılır.
Sığorta hesabına qarşılanan dərmanlar yalnız Agentliklə müqavilə bağlayan özəl apteklərdə veriləcək. Bu apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar rahatlıqla tanıya bilsinlər".
Şəhanə Xankişiyev
Qalereya
Oxşar xəbərlər
Kəlbəcərdəki hərbi hospital müvəqqəti olaraq mülki vətəndaşlara da xidmət göstərəcək
Kəlbəcərdə fəaliyyət göstərən Müdafiə Nazirliyinin hərbi hospitalı müvəqqəti olaraq həm də mülki vətəndaşlar üçün xidmət göstərəcək. BAKU.WS report-a istinadən...